Hüquq müdafiəçisi Əhməd Şahidov Ukrayna Radasının deputatı Nadiya Savçenko ilə görüşüb.
Bu barədə Yeniçağ.Az “Diaspora.az”-a istinadən məlumat verir.
Ukraynada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Yanvarın 27-də Ukrayna Parlamentinin deputatı, Milli Qəhrəman Nadiya Savçenko ilə görüşüb. Görüş zamanı azərbaybaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə ətraflı məlumat verən ADİHİ rəhbəri girovların azad edilməsi istiqamətində görülən işlərdən danışıb, məsələnin beynəlxalq səviyyəyə qaldırılması və Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqlərin gücləndirilməsinin zəruriliyini qeyd edib.
Özünün də Moskvada girovluqda saxlanıldığını və bu sahədə ciddi təcrübəsinin olduğunu bildirən Nadiya Savçenko kəlbəcərli girovlarla bağlı beynəlxalq kampaniya başlatmaq təklifini müsbət qarşılayıb və bu işdə əlindən gələni edəcəyini bildirib. Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə lazımi məlumatları, sənəd və fotoları Nadiya Savçenkoya təqdim edən ADİHİ rəhbəri konkret detalları müzakirə edib.
Ukraynanın Milli Qəhrəmanı Nadiya Savçenko bu məsələ ilə bağlı həm Ukrayna Radasında, həm də Ukrayna mətbuatında məsələ qaldıracağını, habelə Avropanın aparıcı insan haqları təşkilatlarının rəhbərləri ilə görüşdə azərbaycanlı girovların azadlığa çıxması üçün fəaliyyət göstərəcəyini də bildirib.
Görüşdə Ukraynadakı Azərbaycan diasporunun tanınmış simalarından olan Arif Nuriyev və Vüqar Həsənov da iştirak ediblər.
Yeniçağ.Az
www.yenicag.az