Universitet bitirənlərin əmək bazarı kabusu: Problem təhsildədir, yoxsa şirkətlərdə?
Azərbaycanda əmək bazarında müşahidə olunan uyğunsuzluqlar, xüsusilə gənc məzunların iş tapmaqda çətinlik çəkməsi son dövrlərin ən aktual problemlərindən biri kimi diqqət çəkir. Ekspertlər hesab edir ki, bu vəziyyət həm təhsil sistemindəki boşluqlardan, həm də işəgötürənlərin artan tələblərindən qaynaqlanır.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında insan resursları meneceri Röyal Əhmədov bildirib ki, bu məsələni tək bir səbəblə izah etmək düzgün deyil və burada bir neçə əsas faktor rol oynayır:
“Bu məsələni sadəcə bir səbəblə izah etmək düzgün olmazdı. Hesab edirəm ki, burada üç əsas amil var: birinci növbədə istər kollec, istərsə də universitet tələbələrinin hazırlıq səviyyəsi, ikinci əmək bazarının tələbləri və nəhayət, ümumi iqtisadi mühitin təsiridir. Təhsil sistemimizdəki boşluqlar nəticəsində tələbələr daha çox nəzəri biliklərə yiyələnirlər, lakin praktiki təcrübədən kənarda qalırlar. Onlar CV hazırlanması, müsahibə etikası, iş mühiti və real bacarıqlar barədə kifayət qədər məlumatlı olmurlar”.
Ekspertin sözlərinə görə, işəgötürənlər əsasən hazır və təcrübəli kadr axtarışında olurlar:
“Hazırda vakansiyalarda ən çox tələb olunan şərtlərdən biri minimum iş təcrübəsidir. Bu isə yeni məzunların iş tapmasını ciddi şəkildə çətinləşdirir. Şirkətlər artıq kadr yetişdirməkdə maraqlı deyil, hazır namizədlərə üstünlük verirlər. Digər tərəfdən, əmək bazarında “soft skill” lər (yumşaq bacarıqlar) və texnoloji biliklər, xüsusilə süni intellektlə bağlı bacarıqlar daha çox tələb olunur”.
R.Əhmədov qeyd edib ki, təhsil sistemi ilə əmək bazarı arasındakı disbalans problemi daha da dərinləşdirir:
“Universitetlər və kolleclər gəncləri müəyyən ixtisaslar üzrə yetişdirir, lakin həmin ixtisaslara əmək bazarında real tələbatın olub-olmaması sual altındadır. Bu uyğunsuzluq nəticədə işsizliyin artmasına gətirib çıxarır”.
Ekspert əlavə edib ki, hazırda ən çox tələbat olan sahələr İT və texnologiya, satış və marketinq, texniki-peşə və xidmət sektorlarıdır:
“Xüsusilə data analitika, texniki dəstək və kiber təhlükəsizlik kimi istiqamətlərdə ixtisaslı kadrlara ehtiyac yüksəkdir. Eyni zamanda, bizneslərin inkişafı üçün satış və marketinq sahəsində də kadr axtarışı davam edir. Texniki-peşə sahələrində də kolleclərin yetişdirdiyi mütəxəssislərə böyük tələbat var”.
O, problemin həlli üçün həm dövlət, həm də özəl sektorun addımlar atdığını, lakin bunun kifayət etmədiyini vurğulayıb:
“Özəl sektor təcrübə proqramları təşkil edir, bəzi şirkətlər gəncləri yetişdirməyə çalışır. Dövlət isə məşğulluq proqramları, özünüməşğulluq layihələri və müxtəlif təlimlər həyata keçirir. Amma bütün bunlara baxmayaraq, problemin köklü həlli üçün təhsil sistemi ilə əmək bazarı arasında daha ciddi və sistemli uyğunlaşma təmin olunmalıdır”.
Samir Məcidov













