Uqanda prezidentinin oğluna Türkiyədən CAVAB: "Zarafat ediləcək ölkə deyilik!"
“Türkiyə heç də zarafat ediləcək, qeyri-ciddi yanaşılacaq bir ölkə deyil.”
Bu sözləri Yenicag.az-a açıqlamasında türkiyəli tanınmış jurnalist Ali Kan bildirib.

Qardaş ölkənin media nümayəndəsi Uqanda prezidentinin oğlu, ölkənin baş komandanı Muhuzi Kayneruqabanın Türkiyə haqqında paylaşdığı qalmaqallı tvitlərdən danışıb.
Jurnalist bu davranışı bir ölkənin baş komandanına yaraşmayan hərəkət kimi qiymətləndirib:
“Uqanda baş komandanı Muhuzi Kayneruqaba sadəcə bir hərbçi deyil, həm də ölkənin ən aktiv tvit atan generallarından biridir. O, Uqanda ordusunda baş komandan pilləsinə qədər yüksələrək ciddi karyera əldə etsə də, sosial mediadakı mənzərə tamamilə fərqlidir. Bəzən səhər yazdığı tviti axşam silir. Qısacası, bu şəxs hərbi intizamla deyil, sosial şəbəkə “tərbiyəsi” ilə hərəkət edir. Hətta öz ətrafı belə onun haqqında “baş komandandır, yoxsa bloger?” sualını verir.
Onun bəzi paylaşımları dünya gündəmində ciddi narazılıq doğurur. Türkiyə haqqında yazdıqlarını rəsmi Ankara belə ciddiyə almadı. Bir ölkədən “1 milyard dollar və ən gözəl qadını ilə evlənmək” istədiyini demək bir baş komandana yaraşmır. Özü də yazdıqlarının lağa qoyulduğunu görüb paylaşımını silməyə məcbur oldu. Türkiyə kimi güclü bir dövlət haqqında danışmazdan əvvəl araşdırma aparmaq lazımdır. Qarşında dünyanın ən güclü ordularından biri durursa, ifadələrinə fikir verməlisən”.
Ali Kan vurğulayıb ki, bu cür addımlar Türkiyə üzərindən gündəmə gəlmək cəhdidir:
“Bəlkə də Türkiyə üzərindən öz ölkəsi üçün xal toplamağa çalışır. Türkiyəni təhdid edərək gündəmə gəlmək istədiyi açıq-aşkardır. Lakin toxunmaq istədiyin ölkənin parametrlərinə diqqət yetirməlisən. Türkiyə hazırda dünyanın ən öndə gələn ordularına sahibdir. İnsanların onun fikirlərini ciddiyə almayıb lağa qoyması isə bir baş komandan üçün biabırçılıqdır”.
Jurnalist sonda qeyd edib ki, görünür, baş komandanı Türkiyənin Somalidəki strateji fəallığı da ciddi şəkildə narahat edib.
Nurlan Cəfəri













