Uşaqpulu kimə lazımdır? – Dövlətə, yoxsa kasıb ailələrə?..

media-hightechnic-468x90

Azər QARAMANLI
Azər QARAMANLI

İndiki demoqrafik statistika 20 ildən sonra bizə hansı sosial-iqtisadi mənzərə vəd edir?..

media-banner_tuq

Azərbaycanda artıq uzun illərdir ki, uşaqpulunun kəsilməsi müzakirə obyektidir. Bilmirəm, 2006-cı ildə Azərbaycana neft pullarının axının başlamasından sonra uşaqpulunu ləğv etmək kimi “müdrik” ideya kimin ağlına gəlib, amma fakt odur ki, 2006-cı ildən sonra Azərbaycanda doğum əmsalı azalmağa başlayıb, hazırda isə bu əmsal faciəvi şəkildə geriləyib.

Statistikaya keçməzdən əvvəl uşaqpulu ətrafında son 10 gündə aparılan müzakirələrin üzərində bir az gəzinti etsək yerinə düşər. Hər şey ondan başladı ki, özünün siyasi, iqtisadi və sosial savadı ilə hamını mənfi mənada təəccübləndirən və buna baxmayaraq Milli Məclisdə atasından qalma kreslonu məşğul edən Günay Ağamalı uşaqpulunun verilməməsini əhali arasında “tənbəllik yaradacağı” ilə əlaqələndirdi. Açığı, deputat xanımın zəka “parlaqlığı” aydın havada ildırım effekti yaratdı və uşaqpulu mövzusu yenidən ölkənin ən çox müzakirə olunan probleminə çevrildi.

Uşaqpulunun verilməsini cəmiyyətdə tənbəlliklə əlaqələndirən Günay Ağamalı yəqin heç özü də bu fikrinin nəyə dayandığını bilmir. Yəqin, suala cavab tapa bilməyən deputat xanım ağlına ilk gələn fikri səsləndirib və bununla da Günay Ağamalı ölkənin gündəmini bir-birinə vurdu. Xanım deputatın ağlına gələn bu ilk fikri səsləndrməlkə həm də Azərbaycan siyasi mühitinin və parlamentinin nə qədər faciəli olduğunu da sübut etmiş oldu. Çox təəssüf ki, bu gün Azərbaycan parlamentində Günay Ağamalı kimi “faciələr” çoxdur…

Xanım Ağamalıdan sonra topu ölkənin qaragüruh intellektuallarının “kapitanı” Mirşahin aldı və o da, Günay Ağamalı kimi, topu yarınmaq istədiyi hökümətin qapısına vurdu.

Həmişə xalqı təhqir eləməkdən xüsusi zövq alan Mirşahin bütövlükdə bir ölkənin vətəndaşlarını “həpənd” adlandırıb onları aptekə göndərdi. Sosial şəbəkələrdən aldığı söyüşləri nə qədər haqq etdiyini bilməsəm də, onu deyə bilərəm ki, Mirşahin dəfələrlə olduğu kimi, bir daha yarınmaq istədiyi adamlara “ayı” xidməti göstərdi.

Əslində Mirşahinin vəzifəsi öz “sahiblərinə” xüsusi həyasızlıqla cilalanmış “ayı” xidməti göstərmək olsa da, bu dəfə bir az da uzağa gedərək bütün xalqa əslində “sən bir heçsən, sadəcə həpəndsən” mesajını yolladı və avtoqol vurmuş oldu. Bu da Mirşahinin qaragüruh intellektinin ən parlaq nümunələrindən biri oldu… Bu arada, Mirşahin Ağayev getdikcə daha çox Vladimir Solovyovun Azərbaycan versiyasına çevrilr…

Ancaq məsələ bununla da bitmədi. Verlişi bağlanandan sonra kimə, necə və harda yaranacağını bilməyən, adının belə çəkilməsini haqq eləməyən bir teleaparıcı qalxıb sazını aldı əlinə və bildirdi ki, onun kişi qohumlarının heç biri dövlətdən uşaqpulu filan istəmirlər. Bunun üstündən də elan elədi ki, “uşaqpulu istəyən kişilkər fahişədən də betərdilər”. Xanım teleaparıcının bu bəyanı, ya da kəşfi, artıq absurd teatrda vulkan kimi püskürən fantastika idi…

Yəni “tənbəllik” iddiaları ilə başlayan uşaqpulu müzakirələri “həpənd”lərin apteklərə göndərilməsinə və kişilərin fahişə elan olunmasına qədər irəlilədi…

İşlətdiyi ifadənin özünə qayıda biləcəyindən ürpənməyən və narahat olmayan xanım teleaparıcının bu qədər ismət və abırdan uzaq davranışının isə onun gələcək peşə fəaliyyətinə xeyirli olub-olmayacağını hələki bilmirik və bunu zaman göstərəcək…

İndi isə qayıdaq əsas mövzuya. Uşaqpulu daha çox kimə lazımdır? Dövlətə, yoxsa, uşaq saxlamaq kriteriyaraından baxarsaq, ölkə əhalisinin əksəriyyətini təşkil edən, iki və daha artıq uşaq saxlamaq imkanları olmayan kasıb ailələrə?

Sözsüz ki, Günay Ağamalı, Mirşahin və teleaparıcının bu suala cavabları məlumdir. Onlara görə, uşaqpulu “tənbəllərə”, “həpəndlərə” və “kişi fahişələrə” lazımdır.

Məncə isə uşaqpulunun verilməsi hər şeydən əvvəl dövlətə lazımdır. Çünki bir dövlətin inkişafını, millətin gələcəyini hər şeydən əvvəl doğum əmsalı təmin edir. Digər bütün faktorlar isə köməksçi vasitələrdir. Hazırda yaşadığımız 2026-cı ildə isə Azərbaycanın demoqrafik vəziyyəti fəlakət xəttinə yaxınlaşıb. Bunu statistika, yəni rəqəmlər deyir.

Statistika bizə Günay Ağamalının, Mirşahinin dediklərindən çox fərqli şeylər deyir. Misal üçün, Azərbaycan müstəqilliyini bərpa etdiyi 1991-ci ildə hər 1000 nəfərə 26,6 doğum düşüb. 2025-ci ilin əvvəlindəki statistik məlumatlara görə, hər 1000 nəfərə düşən doğum sayı 9,7-yə enib və bu, ölkə tarixinin ən aşağı doğum səviyyəsi olub. Ən son məlumatlara görə isə bu statistika 2026-cı ilin əvvəlində 8 – 8.9 səviyyələrə qədər enib. Yəni Azərbaycanda 35 illik bir dövrdə doğum əmsalı 3 dəfə geriləyib.

Əhaliyə nisbətdə doğum intensivliyi son 20 ildə təxminən 45%-50% arasında geriləyib. Doğuşların iki dəfə azalması fonunda abort sayı kəskin artıb: 2015-ci ildə 10,300 olan abortların sayı 2023-cü ildə 73,800-ə çatıb.

Bu isə demoqrafik fəlakət xəttinə çatdığımızı göstərir. Hökümət sosial siyasətində təcili və köklü dəyişikliklər edərək demoqrafik vəziyyəti normalalşdırmaq və balansı bərpa etmək üçün sosial proqramlara start verməlidir və bu Azərbaycan üçün bir nömrəli məsələ kimi qəbul olunmalıdır.

Bəs uşaqpulunun bərpa olunması demoqrafik vəziyyəti normalalşdırmaq üçün əsas faktor ola bilərmi? Bu sadəcə demoqrafik vəziyyəti normallaşdırmaq üçün kompleks sosial tədbirlərin əsas stimullarından biri ola bilər, lakin demoqrafik vəziyyəti normallaşdırmaq üçün hökümət təkcə uşaqpulunun bərpası ilə kifayətlənməməli və qat-qat daha çox iş görməlidir.

Yuxarıda da qeyd etiyim kimi, Azərbaycanda demoqrafik problemlər 2006-cı ildən, yəni uşaqpulu ləğv olunduqdan sonra işartı verməyə başlayıb və temp hər il getdikcə artıb. Bu baxımdan uşaqpulunun bərpası demoqrafik balansın bərpası üçün ilk və zəruri addımlardan biridir.

Bəs indiki demoqrafik statistika 20 ildən sonra bizə hansı sosial-iqtisadi mənzərə vəd edir?

Dünya Bankının məlumatına görə, Azərbaycanda 65 yaş və yuxarı əhalinin payı 2020-ci ildəki 6,88%-dən 2024-cü ildə 8,56%-ə çatıb və bu, dörd il ərzində ciddi bir sürətlənmədir. 2025-ci ildə bu göstərici artıq ~9,2%-ə çatıb və artıq ölkədə 1 milyon nəfərdən çox təqaüdçü vətəndaş var.

Hazırda Azərbaycanda 65 və yuxarı yaşda olan şəxslər ümumi əhalinin təxminən 10.6%-ni təşkil edir. Ölkə artıq rəsmi olaraq “qocalmaqda olan əhali” statusundadır (BMT-yə görə bu hədd 7%-i keçdikdə başlayır).

Hesablamalara görə, 2045-2046-cı illərdə Azərbaycanda 65 yaşdan yuxarı insanların payı təxminən 18% – 20%-ə yüksələcək. Bu o deməkdir ki, 20 il sonra Azərbaycanda yaşlı insanların ümumi əhalidəki payı indikinə nisbətən təxminən iki dəfə (100%) artacaq.

2005-ci ildə Azərbaycanda median (orta) yaş çox gənc idi və təxminən 26.7 yaş təşkil edirdi. Hazırda isə sürətli qocalma nəticəsində median yaş artıq 34.1 yaşa yüksəlib. BMT proqnozlarına görə, 2040-cı illərin sonuna doğru ölkədə median yaşın 40-41 yaşa çatması gözlənilir.

Azərbaycan cəmiyyəti son 20 ildə ortalama 7.4 yaş qocalıb. Önümüzdəki 20 ildə isə daha 6-7 yaş qocalaraq “yaşlı cəmiyyətlər” qrupuna daxil olacaq.

Mövcud tendensiyalar dəyişməzsə, 2045-ci ilə qədər hər 5-6 azərbaycanlıdan birinin 65 yaşdan yuxarı olması gözlənilir. Bu isə o deməkdir ki, ölkənin pensiya sistemi çox pis şəkildə yüklənəcək, səhiyyə xərcləri artacaq, ölkədə işçi qüvvəsi kəskin azalacaq və miqrant işçilərə ehtiyac duyulacaq. Həmçinin orduda əsgər çatışmamazlığı kəskin hiss olunacaq və bu da ölkənin təhlükəsizliyini zəiflədən əsas faktora çevriləcək. İnkişaf və təhlükəsizlik üçün vacib olan bütün digər sahələrdə də çox şaxəli problemlər ortaya çıxacaq.

Gördüyümüz kimi, demoqrafik balansı bərpa etmək üçün uşaqpulunu bərpa etmək və bir sıra digər sosial proqramları reallaşdırmaq hər şeydən əvvəl dövlətə lazımdır.

Bəs bu statistikadan hökümətin xəbəri yoxdur və hökümətin iqtisadi qanadı 20 ildən sonra Azərbaycan dövlətini hansı problemlərin gözlədiyini bilmirmi?

Təbii ki, çox yaxşı bilirlər. Ancaq təəssüf ki, bizim məmurları “20 ildən sonra nə olacaq?” deyə bir sual maraqlandırmır. Bu onların problemi deyil. Onların problemi günün müsbət mənzərəsini yaratmaq və vəzifələrini qorumaqdır. Yəni məmurların hər fürsətdə vurğuladıqları “dövlət sevgisi” sadəcə “vəzifə sevgisi” ilə məhdudlaşır…

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05