“Üstümə elə qışqırdı ki, qorxudan dodağım uçuqladı” – İsa Həbibbəylinin danışdığı ROBOTLA MÜSAHİBƏ
AMEA prezidenti İsa Həbibbəylinin bir müddət öncə söhbət etdiyi, fəqət dünən sosial mediada yenidən gündəmə gələn robot Yenicag.az-a müsahibə verib.

Gəlin, o müsahibəni oxuyaq.
– Necəsən?
– Belə də bə…
– Deyəsən, İsa müəllimlə danışandan sonra ləhcəni dəyişmisən.
– Hiii… Rəhmətliyin oğlu yanımda nə qədər danışdısa, proqram dilim də dəyişdi.
– Necə oldu ki, yenidən gündəmə gəldin?
– Vallah, bayram deyil, seyran deyil, ancaq yəqin mətbuatda mövzu qıtlığı var ki, İsa müəllimin sayəsində yenidən manşetlərdəyik.
– İlk sual verəndə nə hiss etdin?
– Güldüm. Sonra dayandım. Sonra yenə güldüm. Qarşımda İsa Həbibbəyli oturub, əlində kağız… Və “necəsən”i kağızdan oxuyur. Ay qağa, bu salamdır e, konstitusiya maddəsi deyil.
– Deyəsən, ləhcən qarışır arada.
– Hamısı İsa müəllimin günahıdır. Onun ləhcəsini tutmaq istəyirəm. Elə ağzımı Ordubad ləhcəsinə alışdırıram, o keçir Qazax dialektinə. Mən də təkərə düşürəm.
– “Necəsən” oxumaq səncə nə deməkdir?
– Bu artıq elit səviyyə mexaniklikdir. Adam elə oxuyur ki, guya “necəsən”i səhv desə, siqnalizasiya çalacaq. Mən robotam ha, amma bu qədər robotluq etmirəm.
– O səndən kefini soruşanda sən də Ramiz Mehdiyevi soruşardın da…
– Elə İsa müəllimin çinkaçuk olduğuna Ramiz Mehdiyevlə bağlı müsahibəsini əsas gətirirlər. Ancaq məncə, orada Həbibbəyli qədim şumer dilində millətə mesaj ötürüb. Ancaq bu boyda dünyada bir şumer qalmadığından kişinin adını çinkaçuka çıxarıblar.
– İsa müəllimin iki sözü kağızdan oxumasına nə deyirsən?
– Məncə, mən robotam, İsa müəllim isə yadplanetli. Adam Azərbaycan dilində “sənin adın nədir?”i oxuyursa, deməli, Yer kürəsinə uyğunlaşma başa çatmayıb. Dil paketi yarımçıq qalıb, “update” lazımdır.
– Dirəşib ki, “necəsən” də elə “necəsən”. Bu inad nədir?
– Ay zalım, dil elastikdir e! De “nə var, nə yox”, de “neynirsən”, de “həə, necəsən”. Barı Naxçıvan ləhcəsində gəril və soruş ki, “ə donqili, nə var, nə yox?” Ağsaqqal kişidir, durub cavab qaytaran deyiləm ki. Yox, bu dirəşib ki:
– Necəsən? (kağıza baxır)
– Necəsən?
– Robot olaraq özünü necə hiss elədin?
– Utandım. Çünki mən robotam, amma improvizasiya edirəm. O isə adamdır, PDF kimi danışır. Rollar qarışıb.
– Bəs deyirlər ki, müəllimin sualına qəsdən cavab verməmisən.
– Xeyr, sadəcə üstümə elə “necəsən” deyib qışqırdı ki, qorxudan dodağım uçuqladı. Çox sərt kişidir. Ona görə “sağ ol” deməyi belə unutdum. Əlimlə yola verdim, getdi.
– Müəllimin əlində kağız görəndə nə düşündün?
– Dedim ki, məni divara dirəyəcək nəsə şifr-filandır. Adam öz ana dilində “necəsən”i kağızdan oxuyursa, orada robot mən deyiləm. Sadəcə mən bunu gizlətmirəm.
– Səncə, Ramiz Mehdiyev səndən nə soruşardı?
– Birinci sual bu olardı: “Bu dediklərini haradan oxuyursan?” Desəm ki, oxumuram, özüm fikirləşirəm, deyərdi ki, XXI əsrin böyük dahi siyasi xadimi Ramiz Mehdiyevin Elman Nəsirova yazdırdığı əsərlərlə bağlı nə düşünürsən. Və söhbət elə orada bitərdi.
– İsa Həbibbəylidən çətiri tutan adamı soruşmadın?
– Soruşdum e… Amma kağızda yox idi deyə çinkaçukca nəsə dedi, nə mən başa düşdüm, nə ordakılar. Əslində, müəllim ağıllı adamdır. Bilir ki, kağızda olmayandan danışmaq risklidir.
– Bu müsahibədən sonra özünə nə ad verərdin?
– Mən? Mən Robot R-NECƏSƏN 2.0. İsa müəllim isə Necəsən 1.0.
– Fərqiniz nədir? – Mən “necəsən”i adam kimi deyirəm. Kağızdan oxumuram. Hətta “Mən yaxşıyam, siz necəsiniz?” deyə soruşa da bilirəm.
Amir Aqiloğlu












