Vardanyanın “bazar günü” ANONSU: “Qarabağda güc tətbiq edə biləcək tək leqal qüvvə də Azərbaycandır” – REAKSİYA
“Azərbaycanlı etirazçılar öz tələb və məqsədlərində qətidirlər, heç kim geri çəkilmək fikrində deyil”.
Bu fikirləri Rusiyadan Qarabağa göndərilən və özünü separatçı rejimin “dövlət naziri” elan edən Ruben Vardanyanın “qarşıya qoyulan məqsədə bazar günü nail olunacaq” fikrini şərtləndirən səbəblərə toxunan siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.
Onun fikrincə, Vardanyanın bu anonsu Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskvada baş tutan görüşünün mümkün nəticələrinə əsaslanır:
“Açığı, onların bazar gününə konkret nə planlaşdırdıqlarını söyləmək çətindir. Amma nəzərə alaq ki, xarici işlər naziri Ceyhun Bayramov Moskvada səfərdədir və regiondakı məsələlər də Rusiyanın iştirakı ilə həll olunur.
O baxımdan, ola bilər, bu barədə də müzakirə, fikir mübadiləsi aparılsın və nəticə də ona gətirib çıxarsın ki, rusiyalı sülhməramlılar Azərbaycanın haqlı tələblərini yerinə yetirməli olsunlar. Belə olacağı təqdirdə artıq o yolun bağlı saxlanmasına da ehtiyac qalmayacaq. Başqa nəsə gözlənilmir.
Çünki azərbaycanlı etirazçılar öz tələb və məqsədlərində qətidirlər, heç kim geri çəkilmək fikrində deyil. Təbii ki, ermənilər də o yolu güc tətbiqi ilə açmaq iqtidarında deyillər. Bura Azərbaycan ərazidir və güc tətbiq etmək imkanı olan tək leqal qüvvə də Azərbaycan Respublikasıdır. Başqa heç bir tərəf güc tətbiq edərək o yolu aça bilməz.
Sülhməramlılar isə sadəcə, danışıqlar əsasında yolu aça bilərlər və Azərbaycanın şərtləri onlara əvvəldən elan edilib. Buyursunlar, o şərtlər əsasında yolun açılmasına nail olsunlar.Dediyim kimi, buna görə də bazar günü üçün başqa qeyri-adi nəsə gözləmirəm.
Yəqin Moskvadakı ağaları Ceyhun Bayramovla aparılan müzakirələr barədə Vardanyana hansısa məlumat ötürüblər ki, danışıqlar nəticəsində razılaşmalar əldə olunacaq və yol açılacaq. Vardanyanın həmin fikirləri belə əminliklə deməsi də bundan qaynaqlana bilər”.
A.Zeynalov