“Mütəxəssislər də hesab edirlər ki, öz texniki parametrlərinə görə “Patriot” raketləri S-400-lərdən daha effektlidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın Türkiyəyə “Patriot” raket komplekslərinin satışına razılıq verməsi qərarını şərh edən politoloq Qabil Hüseynli deyib.
ABŞ Türkiyə ilə münasibətlərin normallaşdırılması çərçivəsində daha bir addım atıb. Məlumata görə, ABŞ Dövlət Departamenti Türkiyəyə “Patriot” raket sistemlərinin satışını nəzərdə tutan layihəni dəstəkləyib. Qeyd olunur ki, Türkiyə 3,5 milyard dollar dəyərində olan müvafiq anlaşmaya əsasən, ABŞ-dan 80 “Patriot” və 60 digər raket kompleksi almağı planlaşdırır.
Maraqlıdır ki, ABŞ daha əvvəl “Patriot” raketlərinin Türkiyəyə satılması üçün Ankaranın Rusiyadan S-400 raket komplekslərinin alınmasından imtina etməsi şərtini irəli sürmüşdü. Ancaq ABŞ Dövlət Departamenti Ankaranın Rusiya ilə əldə etdiyi S-400 anlaşmasını qüvvədə saxlamasına baxmayaraq, belə bir qərar qəbul edib.
ABŞ-ın Türkiyəyə “Patriot” raketlərinin satılmasına razılıq verməsi barədə Yenicag.az-a danışan politoloq Qabil Hüseynli bu addımı Vaşinqtonun Ankaraya yönəlik jesti kimi qiymətləndirib:
“Dövlət Departamentinin belə bir qərar qəbul etməsi Türkiyə üçün müsbət hadisədir və əslində, Amerikanın bir jesti hesab olunmalıdır. Çünki Türkiyənin Rusiyadan S-400 raketlərini almaq niyyəti və bununla bağlı müqavilənin imzalanması ABŞ-ı Türkiyəyə “Patriot” raketlərini satmaqdan çəkindirirdi.
Ancaq belə başa düşmək olar ki, Amerika bu ziddiyyəti arxa plana keçirərək, özünün NATO üzrə müttəfiqi olan Türkiyənin “Patriot” kimi ən müasir raket sistemini əldə etməsinə mane olmaq istəmir.
Mən mütəxəssis olmasam da, hərbi ekspertlərin bununla əlaqədar apardıqları müqayisəyə əsasən deyə bilərəm ki, texniki göstəricilərinə görə “Patriot”lar S-400-ləri xeyli üstələyir. Bəzən bildirilir ki, S-400 raket sistemləri daha təkmil və müqayisədə xeyli ucuzdur. Lakin “Patriot” raketləri dünyanın bütün qabaqcıl ordularının ən çox arzuladıqları sistemlər hesab olunur.
ABŞ-ın bu addımından sonra Türkiyənin S-400 raketlərindən imtina etməsi inandırıcı deyil. Çünki ikitərəfli müqavilənin şərtlərinə uyğun olaraq, Türkiyə artıq S-400 raket sistemlərinin alınması üçün ilkin ödəniş edib. O baxımdan, yaranmış vəziyyətin hansı yöndə inkişaf edəcəyini indidən söyləmək çətindir”.
A.Zeynalov
www.yenicag.az