Vaşinqtonun Dağlıq Qarabağdakı separatçı rejimə dəstəyi…
Qabil Hüseynli: “ABŞ bu cür riyakar siyasətilə bölgədə sülhə xələl gətirir, qarşıdurmanın daha da dərinləşməsinə yardım etmiş olur”
ABŞ Dağlıq Qarabağdakı separatçı rejimə hər il milyonlarla dollar yardım edir. Bu yardımı da humanitar yardım kimi qələmə verirlər. Həmin yardımı onlar Azərbaycan hökumətinin razılığı olmadan həyata keçirirlər. Başqa bir tərəfdən, Vaşinqton Dağlıq Qarabağın separatçı rejiminə humanitar ad altında yardım etsə də, anoloji yardımları MDB məkanında olan digər separatçı rejimlərə münasibətdə tətbiq etmir. MDB məkanında Cənubi Osetiya, Abxaziya, Dnestryanı, Krım və Ukraynanın şərq vilayətlərindəki separatçı rejimlərə ABŞ sanksiyalar tətbiq edib. Bu vəziyyət Ağ Evin ikiüzlü siyasət yürütməsindən, ikili standartdan xəbər vermirmi? Görəsən, Vaşinqton niyə bu məsələdə ikiüzlüyə yol verir?
Politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında bildirdi ki, bu yardımlarla Vaşinqton Dağlıq Qarabağ separatçı rejiminin ayaq üstə qalmasına kömək etmiş olur: “Dağlıq Qarabağ separatçılarına humanitar ad ilə yardım etməsi ABŞ siyasətinin ən üz qaraldan hadisələrindən biridir. Neçə ildir ki, Dağlıq Qarabağa humanitar yardım adı altında ən aşağısı 10 milyon, bir sıra hallarda isə hətta 15 milyon dollara yaxın belə yardımlar edib. Cəmi 70 min əhalisi olan bölgəyə bu qədər yardım göstərilməsi fonunda, zənnimcə bundan onun hərbi qüdrətini möhkəmləndirmək üçün də istifadə edilir. Bu hadisə isə bölgədə hərbi qarşıdurmanı daha da dərinləşdirir. Amerika uzun illərdir ki, Azərbaycandan daha çox miqdarda, “minilliyə çağırış” adı altında Ermənistana da böyük həcmdə humanitar adı altında yardımlar edir. Beləliklə, Ermənistanla Dağlıq Qarabağdakı separatçı rejimin ayaq üstə qalmasına kömək edirlər. Azərbaycan bu məsələyə etirazını bildirir. Amma ABŞ bunu nəzərə almaq istəmir və separatçı rejimə yardımı davam etdirir. Bütün bunlar onu göstərir ki, ABŞ “dovşana taz, tazıya tut deyir”. Bu cür riyakar siyasətlə bölgədə sülhə xələl gətirir və qarşıdurmanın daha da dərinləşməsinə yardım etmiş olur”.