Vergilər Nazirliyi- “Nurgün Group” savaşında şok qərar – Yenilənib
Xəbər verildiyi kimi, Vergilər Nazirliyi “Nurgun Group”a daxil olan “Nurgun Motors”un əmlakını siyahıya alıb. Yenicag.az xəbər verir ki, bu barədə “APA-Economics”ə Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən məlumat verilib.
“Nurgun Motors”un vergi borcları ilə əlaqədar, əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Şirkətə borcların qısa müddətdə ödənilməli olduğu ilə bağlı xəbərdarlıq olunub”, – deyə nazirlik rəsmisi qeyd edib.
Borcun həcmi açıqlanmır.
Qeyd edək ki, bu gün “Nurgun”ün avtosalonlarının möhürləndiyinə dair xəbərlər yayılmışdı.
Yenicag.az-a daxil olan məlumata görə, Vergilər Nazirliyinin “Nurgun Group”dan istədiyi vergi borcu fantastikdir və səkkiz sıfırlı olduğu ehtimal olunur. Buna qarşılıq olaraq da, Azərbaycanın ilk biznesmenlərindən olan Nuru Əliyevin geri addım atmayacağı vurğulanır.
Həmin məbləği ödəməyin iqtisadi intihar olduğunu düşünən şirkət rəhbərinin bütövlükdə şirkəti bağlamaq qərarına gəldiyi bildirilir. Hazırda müvafiq üst qurumlarla danışıqlar aparan Nuru Əliyevin Vergilər Nazirliyinin bu qərarından şikayətinin qəbul olunmayacağı təqdirdə təkcə, “Nissan Motors”u deyil, bütövlükdə, Şirkətlər Qrupunu ləğv edəcəyi gözlənilir.
Bu isə Azərbaycan iqtisadiyyatına böyük zərbə ilə yanaşı bir anda çoxminli işsizlər qrupunun yaranması deməkdir.
Şirkət haqqında verilən rəsmi məlumatda bunlar qeyd olunub:
1994-cü il oktyabrın 4-də təsis edilən«Nurgün» Şirkətlər qrupu “Nurgun Motors“ dünya avtomobil istehsalçılarının flaqmanlarından olan “Nissan“,Lux avtomobillər sinfinə daxil olan “İnfiniti”, bir çox modelləri ilə əfsanəvilik statusu əldə etmiş “Ford” və avtomobil istehsalında 100 ildən artıq təcrübəsi olan “Reno” avtomobil brendlərinin Azərbaycanda rəsmi distribütorudur. “NURGUN” Şirkətlər Qrupuna pərakəndə ticarətdə özünəməxsusluğu ilə seçilən “Kontinental” və “Ailə” supermarketlər şəbəkəsi də daxildir. “Kontinental” supermarketlər şəbəkəsi Bakıda iri və tanınmış ticarət obyektlərindən biridir.
“NURGÜN” Şirkətlər Qrupu həmçinin bank, sığorta sektorları kimi, mühüm sferalarda fəaliyyətini də təkmiləşdirərək, 2000-ci illərdə, uğurlarını daha da möhkəmlətmişdir.Belə ki,Nurgün Şirkətlər qrupuna daxil olan NBC Bank və Rəvan sığorta öz fəaliyyəti dövründə daim müştəri məmnuniyyətini prioritet tutmuş və maliyyə sektorunda öz layiqli mövqeyini formalaşdırmışdır. “Nurgün” Şirkətlər Qrupu Azərbaycan iqtisadiyyatına öz istehsalı olan yerli məhsullarla da böyük tövhələr verir. Belə məhsullardan biri olan BELLO 2005-ci ildən tam gücü ilə fəaliyyət göstərən “Nurgün” Şirkətlər Qrupunun Sənaye bölümünə daxil olan “Bello” Yuyucu Vasitələr Fabrikində hazırlanır.
“Nurgün” Şirkətlər Qrupunun istehsal müəssisələri sırasına aid obeyktlərdən biri də Salyan şəhərində fəaliyyət göstərən “Salyan Süd” zavodudur.
“Caspian Transport” MMC 2004-cü ildən beynəlxalq yük daşımaları bazarında aktiv fəaliyyət göstərir. Fəaliyyətə başladığı ilk gündən etibarən, şirkət əsasən avtomobillərin daşınması üzrə ixtisaslaşdırılmışdır.
“Nurgün”“ Şirkətlər Qrupu avtomobil yağları bazarında özünün xüsusi mövqeyi ilğ seçilən “Chevron-Texaco” Konserninin rəsmi dileridir.
Yenicag.az
Mövzunu diqqətdə saxlayacağıq.