Vətəndaşı "reklam aləti" edən kursların DİQQƏTİNƏ: "Cinayət məsuliyyəti gəlir"
“Vətəndaşın icazəsiz məlumatlarını reklam məqsədilə paylaşan kurslar cərimə edilə bilər”
Bu fikirləri Yenicag.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib.

Elektron Təhlükəsizlik Xidmətinin apardığı monitorinqlər nəticəsində instaqramda sürücülük təlimi ilə məşğul olan şəxslərin 3 mindən çox fiziki şəxsə aid sürücülük vəsiqəsini reklam məqsədilə açıq şəkildə paylaşdığı müəyyən edilib.
Bu barədə danışan hüquqşünas bu şirkətlər haqqında hüquqi addımlar atıla biləcəyini bildirib:
“Ümumiyyətlə sürücülük tipli sənədlər vətəndaşların fərdi məlumatları hesab olunur. Mütləq şəkildə həmin fərdi məlumatların paylaşılması ilə bağlı fərdi məlumat sahibinin razılığı tələb olunur. Əgər vətəndaş o razılığı veribsə paylaşılmasının hüquqi məsuliyyəti fərdi məlumat sahibinin üzərinə keçmiş olur. Əgər məlumat sahibindən hər hansı razılıq alınmadığı halda paylaşılması artıq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin pozulmasıdır. Bu maddə şəxsi həyat hüququna hörmət olunmasıdır. İkincisi, şəxslərin fərdi məlumatlarının pozulması, şəxsi həyata müdaxilə kimi qiymətləndirilir. Eyni zamanda Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsinin də pozuntusu baş vermiş olur.
Bildirmək istəyirəm ki, əgər vətəndaşlar bununla bağlı şikayət edərlərsə Cinayət Məcəlləsinin 156.1 maddəsinə əsasən cinayət işi başlanıla bilər. Bu sübuta yetirilərsə 1000-2000 manata qədər cərimə və 240 saatdan 480 saata qədər ictimai islah işləri cəzası nəzərdə tutulmuşdur.”
Nurlan Cəfəri












