!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətənin Zəfər nəğməsi - Əlövsət Ağalarov yazır

!Reklam – Yazi

Görkəmli ictimai xadim, böyük şair, Vətəni özü üçün yox, Vətəni üçün sevən, vətəndaşlıq sənədi almamışdan çox-çox öncə Vətən daşı olan Sabir Rüstəmxanlı hələ tələbəlik illərindən Təbriz, Dərbənd, Borçalı, Turan… deyib haray salanda, sonralar bir ömür hesabına ərsəyə gələn “Ömür kitab”nı yazanda çoxları bu adların xofundan ona salam verməkdən belə çəkinirdilər.

Sabir bəyin nəsri də, publisistikası da, elmi-tarixi araşdırmaları da şeirləri qədər dolğun, mənalı və səmimidir. İllər öncə atasının ruhuna güzgü tutub yazdığı “Atamın ruhu” sənədli əsərini birnəfəsə oxuyub dədəmə verdim ki, oxusun. Amma sonra bildim ki, səhv etmişəm. Dədəm bir neçə günə oxudu və mənə qəribə sual verdi: “Sən də məndən sonra (ölümünü nəzərdə tuturdu) belə bir kitab yazarsan?” Bir anlıq tutuldum və nə cavab verəcəyimi bilmədim. Handan-hana özümə gəlib bircə kəlmə – “yox” – deyə bildim. Heç nə soruşmadı. Gördüm fikrə getdi, könlün almaq üçün dedim dədə, yazaram ey, amma belə yaza bilməyəcəm. Çünki Sabir Rüstəmxanlının müraciət etdiyi mövzu hər adamın girişəcəyi mövzu deyil. Vətən uğrunda savaş başlayandan Ordumuzun misilsiz qəhrəmanlığından, döyüş xronikasından bəhs edən əsərlər gözləyirdim. Sükutu həmişəki kimi yenə də Sabir Rüstəmxanlı oxuduğunuz bu poema ilə pozdu. Sanki aydın səmada şimşək çaxdı. Tarixə qısa ekskurs, Ali Baş Komandanımızın xalqımızın həsrət və sevinclə gözlədiyi tvitləri, əsgər və zabitlərimizin sücaəti, işğaldan azad edilmiş rayonlarımızın hər birinə virtual səyahət, o bölgələrin görkəmli şəxsiyyətləri, şair və yazıçılarına verilən dəyər poemanın daha məzmunlu, daha mükəmməl olmasını səciyyələndirir. Xudu Məmmədov, Süleyman Rəhimli, Əli Qaraoğlu (Vəliyev), Sabir Əhmədli, Şamil Dəlidağ, Bəhmən Vətənoğlu, Sücaət… dərin hörmət və sevgiylə anılır. Arxalı köpəklərlə amansız savaşda bizi tək qoymayan qardaş Türkiyə, Pakistan çox böyük ehtiramla yad olunur. Sabir bəy Vətəni bütöv və təmənnasız sevən böyük şəxsiyyətdir. Son illərin poema qıtlığından haqlı olaraq gileylənən oxucu, buyur, Vətən tarixi, savaş dastanı olan bu poemanı sevə-sevə oxu! Bu, adi poema deyil, zəfər nəğməsidir, Vətənin şəninə bəstələnmiş gözəl musiqidir! Sabir Rüstəmxanlı Vətəni belə sevir. Bu sevgi səmimi sevgidir, ana nəfəsitək ilıqdır, istidir. Yadıma macar şairi Şandor Petefinin dəlicəsinə sevdiyi qıza yazdığı məktub-şeirdən bir cümlə düşdü: “sevgilim, gözəl qız, bil və agah ol: səndən ötrü hər şeyimdən –canımdan-qanımdan, hətta Allahın verdiyi coşqun ilhamımdan belə, keçərəm. Amma Vətənimdən ötrü səndən də keçərəm!” Onsuz da, bəlli idi, amma Sabir Rüstəmxanlının bu poemasını oxuyandan sonra onun Vətən üçün hər şeyindən keçə biləcəyinə bir daha əmin oldum.

Sabir Rüstəmxanlının bu bədii şedevrini oxuyanda sanki Dəlidağın mehi, Qoçdaşın şehi, Murovun sazağı birləşib Zarın şaxtasına döndü, bu son aylar onsuz da soyuq olan qəlbimi həzin-həzin üşütdü, amma bu özüylə bir əsim ilıq nəfəs də gətirdi. Sabir bəy adlarını çəkdiyim bu Kəlbəcər toponimlərini yaxşı tanıyır. Bakıda qorabişirən istidən nəfəsi təngiyən kimi ya Yardımlıya, ya da Kəlbəcərə qaçardı. Onun Kəlbəcərə hər gəlişi dostları–Aşıq Şəmşir, Şamil Əsgər, Bəhmən Vətənoğlu, Məmməd Aslan, Sücaət və onlarla kəlbəcərli şair, saz-söz adamı, poeziya həvəskarları üçün əsl toy-bayrama çevrilərdi. Kəlbəcər sevimli qonağını KƏLBƏCƏR kimi qarşılayıb yola salardı. Deyərdim ki, Sabir bəy o xoşbəxt

illərimizdə Kəlbəcərə tez-tez gələn yaradıcı adamların, ziyalıların əksəriyyətindən fərqli olaraq Kəlbəcərin qara günləri başlayandan ta bu günümüzədək Kəlbəcər və kəlbəcərlilərlə bir oldu, hər dərdimizə məlhəm, sözümüzə dayaq oldu. 30 ilə yaxın bir dövrdə Kəlbəcərin möcüzəsi sayılan İstisuyun bir qətrəsi üçün dili-dodağı çatlayanlardan biri də Sabir Rüstəmxanlının olduğunu bildiyimdən dostların Kəlbəcərdən göndərdiyi üç litr suyu qardaş payı kimi, üç yerə böldüm. Bir litrini əziz qardaşım Eldara, bir litrini özümə saxladım, bir litrini də əziz dostum Sabir bəyə göndərdim. Suyu alan kimi dərhal zəng etdi və kövrəldiyini səsinin tonundan duydum: “Qardaş, çox sag ol, məni otuz illik həstərə qovuşdurdun (yenə kövrəldi)… Həyatım boyu aldığım ən qiymətli iki hədiyyənin biri keçən əsrin 90-cı illərində Arazboyu sökülən sərhəd məftillərindən göndərilən 2 kiloqramlıq tikanlı məftil, biri də indi sənin göndərdiyin bu sudur…” Milli təfəkkür, özünün ilk dəfə leksikonumuza gətirdiyi “qan yaddaşı” bax budur!

Birinci çağırış Milli Məclisin iclaslarında Məmməd Aslanın təbirincə desək, “o qovğalı çıxışlarıma” 124 deputatdan ən çox dəstək verən Sabir Rüstəmxanlı olurdu. Hər zaman Kəlbəcərin və ümumən bütün işğal olunmuş ərazilərin daşını sinəsinə döyürdü. Mən son 30-40 ilin ədəbi hadisəsi hesab etdiyim bu poemanı oxuyanda xəyalən o günlərə qayıdırdım, əsl vətənsevər, millətsevər şairimizin o xidmətlərini şükranlıqla xatırlayırdım. Sabir Rüstəmxanlı məfkurə adamı, millətin genetik kodunu varlığında qoruyub saxlayan vətəndaş, Promotey kimi od qoruyucusudur. Bir həqiqəti də deməsəm, ədalətsizlik olardı. Dahilərdən birinin sözüdür: ölkələr qılıncla fəth edilir, ədalətlə idarə olunur. Ona görə ədalətimə xilaf çıxa bilmərəm. Sabir Rüstəmxanlının qoruyucusu, deyərdim ki, talismanı sandığım mərd, əqidəsi, məsləki ilə vəfalı həyat yoldaşından heç də geridə qalmayan ədalət mücəssəməsi əziz bacım Tənzilə xanım Rüstəmxanlı Sabir bəyin bənzərsiz ədəbi nailiyyətində az rol oynamamışdır. Qoşa çinar kimi baş-başa verib bəzən üstlərinə gələn bədniyyətli tufana mərdi-mərdanə sinə gəlirər. Duyğusal, məsum körpə uşaq qəlbinə malik şairin yanında soyuqbaşlı, itizəkalı, ağıllı bir vəfalı qadının–indiki məqamda hörmətli Tənzilə xanımın olması ədəbiyyatımız üçün böyük uğur sayıla bilər. Bu gözəl tandem mənə böyük şairlərimiz Rəsul Rzayla Nigar Rəfibəylini xatırladır. Ailənin gündəlik qarğaşasını yola vermək, yoluna itələnən kötüklərdən getdiyin doğru yolunu təmizləmək üçün millət fədaisi Sabir Rüstəmxanlının nə yaxşı ki, tən yarısı, türk qardaşlarımız demiş, qarısı( əziz bacım, nciməyin, bunu sözgəlişi dedim. Siz hər zaman cavan, təravətli, gözəl türk xanımısınız) Tənzilə xanım kimi əbədi yol yoldaşı, can sirdaşı vardır! Zatən Tənzilə xanım olan yerdə böyük şair və mütəfəkkirimizə, böyük qardaş hesab etdiyim Sabir bəyə zaval yoxdur!

Əlövsət Ağalarov

COP29

www.yenicag.az

895
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv