Bu gün doğulduğum Cəbrayıl rayonunun ermənilər tərəfində işğal olunmasından, 23 il keçir.
Biz Cəbrayılıların vətənimizdən uzaqda yaşadığımız bu didərginlik dərdini, bizim kimi
ermənilərin silah gücünə yurdundan zorla çıxardığı hər bir Qarabağ oğlu və qızı ürəyində
gəzdirir. Qarabağın işgalından ötən hər il, biz qaragünlü Qarabağ əhalisinin, ömrünü
döndərə-döndərə, erməni tapdağında olan vətənimizdən uzaqlaşdırdıqca-uzaqlaşdırır.
İnsanın doğulduğu, dünyanı tanıyıb ətraf-aləmi dərk etdiyi, ilk addım atdığı, üzərində ayaq
üstə durmağı öyrəndiyi torpaqdan, uzun illər uzaqda olması çox pisdir. Bu uzun,
düşünüləndən daha uzun, illər ərzində qaçqın həyatı yaşamağa məcbur olan Qarabağ
sakinləri, “yəqin ki, bu il öz torpaqlarımıza qayıdarıq” fikrinə əsaslanan, içi boş olan ümidlə
özünü birtəhər sakit edir. Bu heç ümid də deyil, sadəcə olaraq “qaçqın” adlandırılanların
özünün belə inanaraq demədiyi, təskinlik cümləsidir. Niyəsə elə bilirəm ki, ömrünün böyük
hissəsi orada-Qarabağda keçən nənə-babalarımız, ata-analarımız bu sonsuz görünən ayrılıq
illərini, göz yaşlarına büküb, ürəklərində gizlətdikləri əzizdən-əziz xatirələrdən,
yaşanmışlardan aslı vəziyyətdə yaşaya bilib. Tez-tez yaşlı əzizlərimdən eşidirəm ki, “ biz
dağıq dözürük gör neçə ildir vətənimizi, öz əllərimizlə tikdiyimiz evləri, saldığımız yurdları, ata-
anamızın məzarını görmürük”. Nənəm Dilbər xanım “insan gərək öləndə anadan olduğu
yerdə basdırılsın ki, o torpağa qarışsın” deyərək vətənə qayıtmaq istədiyini dilə gətirir.
Qaçqınlığın ilkin dövrlərində yurdunun ermənilər tərəfindən zorla əlindən alınıb viran
qoyulmasına dözməyib dünyasını dəyişən yaxınlarımızı saymağa əlimdəki barmaqlarım
yetmir. Elə indinin özündə də hərdən anam özünəməxsus hökmlü tərzdə, yarı təskinlik, yarı
təəssüf qarışıq “atam yaxşı ki, işğaldan əvvəl rəhmətə getdi yoxsa o bu boyda qəribçilik,
vətənsizlik dərdinə dözməzdi” deyir. Amma sonradan gizlində göz yaşlarını sildiyi də
gözümdən yayınmır. Yaxşı dərk edirəm ki, anamın gözləri təkcə atasının bu yalan dünyada
qalan tək nişanəsi- məzarının vəhşi ermənilərin əlində olduğu üstəlik, illərdir kənardan da
olsa həmin o bir parça daşı görə bilmədiyi üçün yaşla dolmur. Anamın ürəyini göynədib,
gözünü yaşardan həm də doğmalarının yurdsuz didərgin halda, qəriblikdə min bir
məhrumiyyətə dözərək yaşamağa məhkum edilməyinin acısıdır. 23 ildir bizi içimizdən ovan
vətənsizlik duyğusunun qarşısında çox çarəsiz və acizik. Bizim yalnız xatirələrimizdə
vətənimiz var. Danışdıqca bitməyən, vətəndəki günlərini özündə saxlayan xatirələri,
Qarabağdan qaçqın düşmüşlərin həyatının vətənli heykayələridir. Böyüklərimiz yaddaşındakı
xatirələrini yada salıb danışanda gözlərimizi yaşla, ürəyimizi sızıltılı əzabla doldurub,
qanayan yaramızı yenidən-yenidən qanadır. Hər dəfə işğal altındakı torpaqların geri alınması
ilə bağlı aparılan sülh danışıqlarının nəticəsizliyinin şahidi olanda, vətənimizin-doğma
Qarabağın nə zamansa geri alınmasına inam bir az daha azalır. Artıq gərəksizləşən sülh
danışıqları, hər bir Qarabağ övladının ürəyində nə zamansa vətənə qayıtmağa bağladığı
ümidlərin sönük işıltısını daha da azaldır. İşğaldan sonra illərdir vətəndə- vətənsizliyin
yaratdığı məhrumiyyətlər bütün qarabağlıların sevinclərini para-para edir. 23 ildir biz
həyatımızda vacib olan məvhumu doğma, özümüzün olan yurdumuzu itirməyin əzabını
yaşayırıq. Toyumuzda da, yasımızda da hər an vətənimizin işğal olunmasını hiss edir və
unutmuruq. İstənilən halda həyatımızın bütün mərhələlərində, yaşamımızda doğma yurdun
əskikliyi yenidən –yenidən güclü zərbə ilə sifətimizə çırpılaraq, üzümüzü qızardan şillə təsiri
bağışalyır. Hər dəfə “qaçqın” deyə bizə müraciət olunanda bir anlıq ürəyimizi bürüyən
sızıltının yaşatdığı acını bizə qaçqınsan deyən heç kim anlamaz. Vətənsizliklə yanaşı
adımızın üzərinə zorla vurulan “qaçqın” damğasının hər səslənişində yaşadığımız əzabı, bizə
“qaçqın” deyən kimsə anlayıram desə belə anlaya bilməz. Vətənimizin işğalından sonra,
ümumi şəraitsizliyik hökmsürən məcburən, əlacımız olmadığı üçün yaşadığımız ev
adlandırdığımız komanın, çıxdığımız həyətin özümüzün olmamağı, üstəlik kənardan göyün 7-
ci qatında durduqlarını zənn edən həmvətənlərimizin bizə ayağının altında, yerdəki insanlar
kimi baxması və münasibət göstərməsi üzüntü dolu həyatımızı daha da ağırlaşdırır. Bütün bu
ikili münasibətlər, vətənsizliyin və qaçqın olmağın utancı, yaşamımızı daha da çətinləşdirir.
Belə halda ağzımız söz məzarlığına çevrilmiş kimi işğal olunmuş torpaqlarımıza-Qarabağa
gedə bilməməyin yaratdığı acizlik və çarəsizlik duyğusunu bütün həyatımızla hiss edir,
ömrümüzün sanki sonu olmayacaq əzablarla dolduğunu bütün xırdalığı ilə yaşayırıq.
Qarabağsız, vətənsiz olmağın əzabı başqadır bunu yaşamayan bilməz.
Aynur Qəniyeva
www.yenicag.az