VHP Krımla bağlı bəyanat verdi
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Krım ətrafında cərəyan edən hadisələrlə bağlı bəyanat verib.
“Yeni Çağ” həmin bəyanatı təqdim edir:
“Azərbaycanın yaxın dostu və müttəfiqi olan Ukraynada baş verən son proseslər bütün dünyada ciddi narazılıqlara səbəb olmuşdur. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təzyiqlər Avropaya inteqrasiya yolunu seçmiş digər postsovet ölkələri üçün də təhlükə yaradır.
Rusiya silahlı qüvvələrinin Ukraynanın önəmli bölgəsi olan Krımda hərbi-siyasi vəziyyəti gərginləşdirmək cəhdləri yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ukraynanı bölmək, onu yenidən Rusiyanın siyasi himayəsi altına qaytarmaq cəhdlərinə qarşı daha sərt şəkildə müqavimət göstərilməlidir. Çünki bu proses postsovet məkanında yeni yaranmış dövlətlərin müstəqil inkişafının qarşısını almaq üçün Azərbaycan, Gürcüstan və Moldovada ortaya atılmış separatizmin davamına bənzəyir.
Biz Ukraynanın bölünməsi cəhdlərini qətiyyətlə pisləyir, Ukrayna xalqının Avropaya inteqrasiya seçimini dəstəkləyirik.
Ukrayna ətrafında baş verən hadisələrə, xüsusilə Krımın taleyinə Azərbaycan xalqı səssiz qala bilməz. Ukrayna dövlətinin tərkib hissəsi olan bu muxtar vilayətdə yaşayan Krım tatarları adlandırılan türklər soy kök etibarı ilə Azərbaycanla bağlıdır. Zaman-zaman rus imperalizminin repressiya, deportasiya zülmün yaşayan Krım türklərinin yenidən eyni tale ilə üzləşməsi yolverilməzdir.
VHP Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərək, azadlıq və demokratiya uğrunda haqlı mübarizədə Krım türklərinin və bütövlükdə Ukrayna xalqının qələbəsinə inanır.
Ukrayna böhranı bu ölkənin Konstitusiyasına və beynəlxalq normalara uyğun şəkildə dinc yolla həll edilməlidir”.
musavat.com