Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 17-də Pakistannın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeni qəbul edib.
Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, strateji müttəfiqlər olan iki dövlət arasında əlaqələrin zəngin tarixə malik olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin bu münasibətlərin daha da genişlənməsinə hər zaman xüsusi önəm verdiyini diqqətə çatdıran daxili işlər naziri V.Eyvazov beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində dost və qardaş ölkə olan Pakistanın Azərbaycanın mövqeyini hər zaman birmənalı şəkildə dəstəklədiyini məmnunluqla qeyd edib.
Dövlət başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu qeyd edən nazir, iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında da son illər sıx münasibətlərin mövcüdluğundan, imzalanmış beynəlxalq hüquqi sənədlər əsasında transmilli mütəşəkkil cinayətkarlıqla, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya və insan alverinə qarşı mübarizədə birgə səylərin göstərilməsindən, əməliyyat məlumatlarının mübadiləsindən məmnunluğunu bildirib, qarşılıqlı səfərlərin, bu görüşün birgə işbirliyinin daha da dərinləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Səmimi qəbula görə təşəkkür edən Bilal Haye dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin həqiqətən dərin köklərə malik olduğunu önə çəkərək xüsusilə son illər ərzində bütün sahələrdə əlaqələrin daha sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıqdan, respublikamızın, onun paytaxtının dünyanın ən təhlükəsiz dövlət və şəhərlərindən biri olmasından məmnunluğunu bildirib. Burada fəaliyyət göstərdiyi qısa zaman kəsiyində Azərbaycanda mövcud olan əmin-amanlıqdan, təhlükəssiz şəraitdən razılığını ifadə edən səfir, əməkdaşlığın bütün sahələrdə daha da inkişafına öz töhfəsini verəcəyini diqqətə çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
www.yenicag.az