Türkiyə ABŞ prezidenti Donald Trampın yeni “hegemonluq yürüşü”ndə əsas hədəf elan olunub.
Birinci Dünya Müharibəsində nəticənin böyük mənada müəyyənləşdiyi ərəfədə – 1918-ci il yanvarın 8-də ABŞ prezidenti Vudro Vilson Konqresin fövqəladə iclasını çağırdı. Konqresdə bundan cəmi 4 gün əvvəl geniş çıxış etmiş Vilsonun bu addımı təəccüb və narahatlıqla qarşılandı. Ancaq prezidentin məruzəsi və elan etdiyi plan konqresmənlərin öncə yaranan narahatlığını aradan qaldırdı.
Dönəmin ABŞ lideri yeni dünya düzəninin əks olunduğu və tarixə “Vilson modeli” kimi düşən qlobal layihəsini məhz 1918-ci il yanvarın 8-də bəyan etdi. Müharibənin sona çatmasına hələ 10 ay qalsa da, Vilson tarixin ona qazandırdığı şansı boşa vermək niyyətində deyildi.
14 maddədən ibarət olan “Vilson modeli” postmüharibə dövrü üçün dünyanın yeni sərhədlərini və qaydalarını ehtiva edirdi. Birinci Dünya Müharibəsinin əsas iştirakçıları, xüsusilə də Antanta dövlətləri dörd ildən də artıq müddətdə özlərinin bütün iqtisadi resurslarını amansız savaşa sərf etmişdilər.
Nəticədə onların hamısı ABŞ-ın bir daha xilas ola bilməyəcəkləri caynağına ilişmişdilər. Belə bir vəziyyətdə Vilsonun “köhnə dünya”ya öz şərtlərini diqtə etməsi tamamilə gözlənilən idi. Eyni zamanda, qalib dövlətlərin də o şərtləri qəbul etməkdən başqa yolları qalmamışdı.
“Vilson modeli”nin bir bəndi də Osmanlı İmperiyasına həsr olunub. Vilson Osmanlı ərazilərinin bölüşdürülməsindən sonra əldə qalan hissəsi üçün “suverenlik” vəd edirdi. Əslində isə onun nəzərdə tutduğu suverenlik bir ovuc ərazidə mövcud olacaq formal bir dövlət üzərində hegemonluğun təminatı sayıla bilərdi.
Vilsonun qarşıdakı dönəmdə açıqladığı mövqe, onun xüsusilə Osmanlının şərq torpaqlarında Ermənistan dövlətinin yaradılmasında təkidli davranışı indi də çox xatırlanır. Osmanlının bölüşdürülməsini rəsmiləşdirən bədnam Sevr müqaviləsinin bazasını da məhz Vilson planı təşkil edirdi. Ancaq Mustafa Kamal Atatürkün rədd etdiyi, Qurtuluş Savaşından sonra isə adi kağız parçası kimi də önəmi qalmayan o “müqavilə”nin şərtlərini ABŞ 100 il sonra fərqli məzmunda yenidən Türkiyəyə sırımağa çalışır.
ABŞ-ın ilk qaradərili prezidenti Barak Obamanın hakimiyyətinin (2008-16) son dönəmlərində Türkiyə ilə münasibətləri kəskinləşdirən addımların atılması Ankarada respublikaçıların Ağ Evə yenidən sahiblənmələri arzusunu gücləndirmişdi. Türkiyədə hesab edirdilər ki, milyarder Donald Trampın prezident seçilməsi gərginliyin son həddində olan ikitərəfli münasibətlərin normallaşmasına təsir göstərəcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Trampla ilk təmasları da qarşılıqlı anlaşmanın bərpa olunacağı qənaətini doğururdu. Ancaq proseslərin sonrakı inkişafı göstərdi ki, respublikaçılar Türkiyəyə yönəlik əks addımları ilə demokratlara “rəhmət oxutmaqda” qərarlıdırlar.
Tramp dönəmində ABŞ-Türkiyə münasibətlərində gərginliyi artıran amillərin sırası kifayət qədər genişdir. Buraya Suriya proseslərindən tutmuş Türkiyənin ABŞ-ın Yaxın Şərq siyasətinin öz maraqlarına toxunan hissələrinə müqavimətinə qədər qabaran ziddiyyətləri daxil etmək mümkündür. Eyni zamanda, Qərbin əsassız təzyiqləri fonunda Türkiyənin Rusiya və İranla məcburi yaxınlaşması da Vaşinqton-Ankara münasibətlərinin indiki həddə çatmasında ciddi rol oynadı.
Avqustun ilk günlərindən etibarən isə ikitərəfli gərginlik özünün pik nöqtəsinə çatıb. Vaşinqtonun FETÖ terror şəbəkəsi ilə əlaqədə suçlanaraq, həbs olunan rahib Endryu Bransonun azadlığa buraxılması tələbi Ankaranın rədd cavabı, davamında isə ABŞ-Türkiyə iqtisadi müharibəsinə səbəb oldu.
ABŞ-ın artan təzyiqləri Türkiyə lirəsinin sürətlə dəyər itirməsinə və kapitalın ölkədən axınına səbəb olaraq, cəmiyyətdə müəyyən təşviş yaradıb. Ancaq Türkiyə hökuməti bu arzuolunmaz prosesin iqtisadi qanunauyğunluqlarla deyil, siyasi amillərlə bağlı olduğunu bəyan edərək, operativ tədbirlər sayəsində vəziyyətin tezliklə sabitləşəcəyini bildirir. Həqiqətən, hətta beynəlxalq araşdırma mərkəzlərinin də etiraf etdiyi kimi, Türkiyə iqtisadiyyatı böyüməkdə, istehsal və idxal göstəriciləri sabit qalmaqdadırsa, lirənin ABŞ dollarına nisbətdə ucuzlaşmasını iqtisadi səbəblərlə əlaqələndirmək mümkün deyil.
Əslində, ABŞ-ın Türkiyəyə ünvanladığı 8 maddəlik “Ultimatum zərfi”ndə yer alan tələblər də Vaşinqtonun Ankaraya qarşı bütün cəbhə boyu hücuma keçməsinin arxasında dəyişməz hegemonluq iddiasının dayandığını birbaşa təsdiqləyir. Sözügedən ultimatumun 1-ci bəndində rahib Bransonun avqustun 15-nə qədər azadlığa buraxılması tələbi öz əksini tapıb.
ABŞ Bransonun FETÖ ilə işbirliyini və bunun üçün mühakimə olunması faktını gözardı edərək, casus rahibin qeyd-şərtsiz azadlığa buraxılmasını istəyir. Digər tərəfdən, ABŞ verdiyi ultimatumun 7-ci bəndində Türkiyədən FETÖ şəbəkəsinin lideri Fətullah Gülənin ekstradisiyası tələbindən geri çəkilməsini tələb edir. Başqa sözlə, Vaşinqton bununla öz maraqlarının qanun və hüquqdan üstün olduğunu göstərməyə çalışır.
Amerikanın digər tələbləri Türkiyənin İrana qarşı sanksiyalara qoşulması, Rusiyadan S-400 raket sistemlərinin alınmasından geri durması, Qüds siyasətinə yenidən baxması, Kipr adası ətrafında qaz və neft axtarışından imtina etməsi, “Xalqbank”a tətbiq ediləcək cəza ilə razılaşması və sahib olduğu önəmli mədənlərdə lisenziyaları ABŞ şirkətlərinə verməsidir.
Göründüyü kimi, qəbuledilməz tələblər irəli sürən ABŞ bununla Türkiyə dəvlətinin “nəzarət zərfi”nə sahiblənməyi, Ankaranı yenidən “banan respublikası” durumuna salmağı düşünür. Konkret desək, Vilsonun bəyan edib həyata keçirə bilmədiyi planın icrasını bu dəfə Tramp öz üzərinə götürüb.
Ancaq Türkiyə iqtidarı ilə xalqının nümayiş olunan əzmi bu planın həyata keçməyəcəyinə şübhə yeri qoymur. Tarixin bundan da ağır sınaqları ilə üzləşən Türkiyə indiyə qədər ayaqda qalmağı bacardığı kimi, bundan sonra da bacaracaq və bacarmalıdır.
Çünki Türkiyənin aqibəti Türk dünyası və İslam aləminin aqibəti olacaq.
A.Zeynalov