Rusiya Xalq artisti Alla Puqaçova barəsində araşdırma aparılması ilə bağlı Baş Prokurorluğa müraciət ünvanlanıb.
Yenicag.az xəbər verir ki,“Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə üzrə Federal Layihə”nin rəhbəri Vitali Borodin Baş Prokurorluğa bununla bağlı ərizə təqdim edib.
Borodin Puqaçovanın hələlik təkcə Ukrayna ordusunu maliyyələşdirməsi ehtimalı ilə bağlı araşdırmalarını xahiş edib.
“Mən sizdən Alla Borisovna Puqaçovanı Ukrayna Silahlı Qüvvələrinə maddi yardım göstərməsi ilə bağlı yoxlamağı xahiş edirəm”, – deyə o qeyd edib.
Borodin bildirib ki, Puqaçova hazırda İsraildə yaşasa da, Ukraynadakı müharibəni tənqid edir, Rusiyanı tərk edən mədəniyyət və incəsənət xadimlərini dəstəkləyir, Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirdiyi ilə bağlı da ehtimallar var. O, həmçinin iddia edib ki, təmsil etdiyi qurum Alla Puqaçovanın fəaliyyətinin və onun Qərb kəşfiyyat xidmətləri ilə əlaqələrinin xaricdən maliyyələşdirildiyini aşkara çıxarıb.
Qeyd edək ki, daha əvvəl Alla Puqaçovanın qızı, müğənni və aktrisa Kristina Orbakaytenin də Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsi ilə bağlı yoxlanılması istənilmişdi. Bununla bağlı isə “Rusiyanın Cənub Vətənpərvər Qüvvələri Assosiasiyası” ərizə verib.
Mənbə: MK.ru
www.yenicag.az