“Efirlərə çıxmaq da istəmirəm. Çünki danışmağa sözüm yoxdur. Mənim üçün çox ağırdır”.
Bunu tanınmış aktyor, Xalq artisti Rafiq Əzimov Yenicag.az-a açıqlamasında deyib.
Aktyor xeyli vaxtdır filmlərə çəkilmədiyini və buna görə ruh düşkünlüyü yaşadığını bildirib:
“Bu dəqiqə mən özümü sudan çıxmış balıq kimi hiss edirəm. Biz o məşhur filmlərlə tanındıq, sevildik, bir gecənin içində məşhur olduq. Aktyor əgər filmə çəkilmirsə, o, ölü kimi bir şeydir. Elə mən də özümü o cür hiss edirəm. Çox ağırdır, hər gün gözləyirəm, hər gün çəkiliş meydançasını xəyal edirəm. Ömrümüzdən gedir axı… Nə qədər sənətkar filmə çəkiləcəyi günü gözləyə-gözləyə dünyasını dəyişdi. Bu aqibət bizi də gözləyir, bu məni çox kədərləndirir.
Hara gedirəm, sual verirlər ki, Rafiq müəllim niyə filmlər çəkilmir, əvvəlki o məşhur filmlər, tamaşalar niyə yoxdur, biz yeni filmlərə baxmaq, zövq almaq istəyirik. Qalıram belə, nə cavab verəcəyimi belə bilmirəm. Həsrətlə gözləyirəm ki, Mədəniyyət Nazirliyi tərəfindən yeni filmlərin çəkilməsinə başlanacaq, biz də o filmlərdə rol alacağıq. Ümidimi itirmirəm. Çünki o ümidi itirsəm, onda məhv olaram”.
Cəvahir
www.yenicag.az