!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistinin ölümqabağı həkimdən son istəyi - Dostu gizlinləri açdı

!Reklam – Yazi

Son filmini çəkə bilmədi, əcəl aman vermədi, amma milli kinomuza “Tütək səsi”, “Ad günü”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət”, “İstintaq”, “Təhminə”, “Otel otağı” kimi sevilən filmlər bəxş etdi. Xalq artisti, tanınmış rejissor Rasim Ocaqovun xatirə günüdür.

Unudulmaz rejissoru yaxın dostu, rejissor Əbdül Mahmudbəyli ilə yad edəcəyik.

– Bu gün Rasim Ocaqovun xatirə günüdür. Yaxın dost kimi onun yoxluğunu daha çox hansı məqamda hiss edirsiniz?

– Hər məqamda və hər yerdə onun yeri görünür. Rasimin çəkdiyi filmlər Azərbaycan mili kinosunun inciləridir və o filmlər 20-ci əsr kinosunda xüsusi mərhələ təşkil edir.

– Bəzi rejissorlar var ki, özündən başqa heç kimi bəyənmir. Ocaqovun sevimli rejissoru var idimi?

– Ocaqov Həsən Seyidbəylini yüksək qiymətləndirirdi. Həmişə deyirdi ki, Seyidbəyli böyük rejissordur.

– Sevimli aktyorları da vardı?

– Ocaqov filminə bəyəndiyi və inandığı aktyorları çəkirdi. Fəxrəddin Manafov başda olmaqla filmlərində rol alan bütün hər kəs onun sevimli aktyorları idi.

– Sevilən, sözükeçən, hörmətli insan olub…

– Elədir, amma bir dəfə də olsun kiməsə ağız açmayıb. Hansı ki, nazirlərin yanında belə hörməti vardı. Bir kəlmə sözü ilə böyük bir problemi həll etməyə qadir idi. Amma Ocaqov köhnə kişilərdən idi, özünə hörmət etməyi bacarırdı.

– Deyilənə görə rejissor pultu arxasında çox sərt, tələbkar olub. Maraqlıdır, həyatda necə bir insan idi?

– Çox həssas, insanpərvər, duyğusal idi. Dost məclislərimiz olurdu, qəpiyəcən hesabı özü verirdi. Əlimizi cibimizə salmağa qoymazdı. Müəllifini unutduğum misralar vardı: “Gözlərim gözlərinə gözləyirəm, gözlə dedi, Sevgisin, məhəbbətin sözlə deyil, gözlə dedi”. Bir-iki qədəh içəndən sonra onu deyirdim. Onun da çox xoşuna gəlirdi. Həmişə duyğulananda mənə deyirdi ki, Şeyx, o şeiri söylə.

– Aktrisa Xalidə Quliyeva bizə demişdi ki, reanimasiyada həkimdən son xahişi siqaretlə bağlı olub…

– Hə, elə olub. Reanimasiyada halı üstündə olmayanda həkimə deyib, mənə siqaret verin.Yanımda həkim ona dəfələrlə dedi ki, siqaret çəkmək qəti qadağandır. Həkimə dedi ki, mən 70 ildir o kişi ilə dostluq edirəm, indi ona xəyanət edə bilmərəm. Bizə də deyirdi ki, mən siqaretdən ləzzət alıram, ləzzət aldığım şeydən niyə imtina etməliyəm ki? Məzar daşında da siqaretlə olan fotosunu həkk ediblər..

– Son görüşünüzü xatırlayırsınızmı?

– Ölümündən bir gün əvvəl Kinostudiyaya gəlmişdi. Liftin qabağında qəfildən halı pisləşdi, hay-həşir düşdü, onu xəstəxanaya çatdırdılar. Yadımdadır ki, halı pisləşəndə də əlindəki siqareti tullamamışdı.

– Həyata keçməyən arzuları vardımı?

– Ocaqov hər zaman film çəkmək arzusu ilə alışıb-yanıb. Son arzusu da elə film çəkməklə bağlı idi. Rüstəm İbrahimbəyov ona bir ssenari təqdim etmişdi, amma bəyənməmişdi. Dedi ssenaridə dəyişiklik olsun, sonra baxaram. Son filmini çəkmək üçün əcəl ona aman vermədi.

Cəvahir

COP29

www.yenicag.az

3654
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv