Xalq rəssamı: “Bu, sadəcə rəsm deyil, mədəniyyət məbədinə qarşı vandallıqdır”
“Baş vermiş hadisə sadəcə “divara rəsm çəkmək” deyil, paytaxtın mərkəzində yerləşən mədəni-tarixi əhəmiyyətli binaya qarşı törədilmiş vandalizm aktıdır. Baş verənlərin şokundayam”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı, professor Ağaəli İbrahimov deyib.
Xalq rəssamı aprelin 2-də gecə saatlarında paytaxtın Nəsimi rayonu ərazisində yerləşən Nizami Kino Mərkəzinin fasadına naməlum şəxs və ya şəxslər tərəfindən boya ilə yazılar yazılması hadisəsinə kəskin münasibət bildirib.
“Bu gün “Nizami” sadəcə kinoteatr deyil, həm də Bakının mədəni həyatının və dirçəlişinin simvoludur”, deyən Ağaəli İbrahimov 1934-cü ildə inşa edilən binanı görkəmli memar Mikayıl Hüseynovun şedevri və misilsiz mədəniyyət abidəsi kimi dəyərləndirib:
“Bu tarixi bina şəhərimizə xüsusi gözəllik verən, insanların mədəni asudə vaxtında böyük rol oynayan Nizami Kino Mərkəzi paytaxt Bakının “göbəyi” sayılır. Paytaxt sakinləri ilə yanaşı, şəhərimizin hər bir qonağı bu binanın əzəməti qarşısında heyranlığını gizlədə bilmir.
Baş vermiş hadisə sadəcə “divara rəsm çəkmək” deyil, paytaxtın mərkəzində yerləşən mədəni-tarixi əhəmiyyətli, həm də əzəməti ilə seçilən və bir məbəd kimi qorunan binaya qarşı vandallıq aktıdır. Baş verənlər məni çox məyus edir. Belə bir möhtəşəm tarixi binanın fasadının lazımsız, yöndəmsiz yazı və görüntülərlə bulanmasını kəskin şəkildə pisləyirəm. Bu hadisəni törədənlər mütləq qanun qarşısında cavab verməli və layiq olduqları cəzanı almalıdırlar”.
Cəvahir













