“Bütün dövlətlər geosiyasi müstəvidə öz maraqlarına uyğun fəaliyyət göstərirlər. Dövlətin əsas vəzifəsi öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək, yaşayış şəraitini və rifahını yaxşılaşdırmaq, həmçinin dünya arenasında öz mövqeyini möhkəmləndirməkdir. Buna görə də bütün dövlətlər istisnasız olaraq öz maraqlarından çıxış edirlər. Odur ki, İran da bir dövlətdir və hər nə qədər fəaliyyətini dini motivlərlə əsaslandırmağa çalışsa da, dövlət maraqları baxımından addım atır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
Analitik İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneinin çıxışında səsləndirdirdiyi fikirlərə münasibət bildirib.
Qeyd edək ki, Xamenei çıxışında Suriaydakı Əsəd rejimin devrilməsinin günahkarı olaraq ABŞ və İsraili görüb. Həmçinin o, sözügedən məsələdə Türkiyəyə də eyham vurmaqdan yayınmayıb.
A. Hüseynov isə əmindir ki, Suriyada baş verən son proseslərdə İran təsir dairəsini itirir:
“İranın yanaşması, əsasən, üç aktor üzərində cəmlənir və onlardan ikisini – ABŞ və İsraili birbaşa ittiham edir. Türkiyəyə isə daha çox incimiş tərəfdaş mövqeyi ilə yanaşır. Bu münasibətlərin səbəbi ondan ibarətdir ki, Yaxın Şərqdə İran və Türkiyə istər-istəməz diplomatik ünsiyyət saxlamaq məcburiyyətindədir. Hər iki dövlət regionun mühüm aktorları olaraq bir-birinə müxtəlif formalarda təsir göstərir. Türkiyənin isə əsas prioriteti separatçı hərəkatlara qarşı öz təhlükəsizliyini təmin etməkdir. Bu məsələ Türkiyənin geosiyasi strategiyasında mühüm yer tutur”.
Siyasi təhlilçinin dediyinə görə, burada diqqətəlayiq bir nüansı qeyd etmək lazımdır:
“İranın fəaliyyət metodu fərqli və strateji xüsusiyyətlərə malikdir. İran post-Suriya dövründə də səbirli və hesablama əsaslı hərəkət edəcək. Çünki Suriyadakı inqilabi qüvvələr yekdil deyil. Qüvvələr arasında dini motivlərlə hərəkət edənlər, müxalifət təmsilçiləri və xarici dövlətlərə simpatiya bəsləyənlər var. Bundan əlavə, meydanda YPG (kürdlərin silahlı qüvvələri), druzlar və xristian icmaları mövcuddur. Bu müxtəlifliyin idarəolunmaz hala keçmə ehtimalı yüksəkdir. İran İraqda olduğu kimi, Suriyada da oxşar strategiya tətbiq edir. İranın taktiki yanaşması, əsasən, digər oyunçuların bir-birini zəiflətməsini gözləmək və xaosun zirvəyə çatdığı anda müdaxilə etməkdən ibarətdir”.
“İranın Suriyadan tamamilə çəkiləcəyini düşünmək çətindir. Bu coğrafiya tarixi baxımdan İran və Osmanlı dövlətlərinin mübarizə müstəvisi olub. Hər iki dövlət bir çox halda həm qarşıdurmaya girib, həm də diplomatik əlaqələr quraraq status-kvonu qorumağa çalışıb. İranın Suriyadan çəkilməsi isə onun gələcəkdə mümkün parçalanma riskini qəbul etməsi anlamına gəlir. Buna görə də Tehran hakimiyyətinin bu coğrafiyadan əl çəkməsi ehtimalı çox aşağıdır. Lakin İranın regiona qayıdışının təsiri zamanla daha dəqiq qiymətləndirilə biləcək bir məsələdir”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov
www.yenicag.az