Xameneidən sonra İran: Rejim dağılır, yoxsa daha da sərtləşir?

media-hightechnic-468x90

Yaxın Şərqdə vəziyyət bir daha kəskinləşdi. 86 yaşlı İran lideri ABŞ-nin əməliyyatı zamanı öldürüldü. Həmin əməliyyatda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi və SEPAH-ın komandanı Məhəmməd Pakpur da həyatını itirdi.

media-banner_tkm

Dünyanın əsas gündəm mövzusuna çevrilən bu hadisə bir sıra ciddi sualları da gündəmə gətirdi.

Yenicag.az xəbər verir ki, CNN-də Stephen Kollinsonun imzası ilə dərc olunan “İranın ali liderinin ölümü nə deməkdir?” başlıqlı təhlildə bu əməliyyatın həm Yaxın Şərq, həm də ABŞ üçün tarixi nəticələr doğura biləcəyi vurğulanır.

İranı bundan sonra kim və necə idarə edəcək?

Əməliyyatdan sonra ABŞ Prezidenti Donald Tramp iranlılara müraciət edərək hökumətin nəzarətini ələ almağa çağırdı. O bildirdi ki, bu, bəlkə də, nəsillər boyu əldə edilə biləcək yeganə fürsətdir və əvvəlki prezidentlərin etmədiyini indi edir.

Rejim əleyhdarlarının ölkədəki ağır iqtisadi durumdan və siyasi gərginlikdən istifadə edərək mövqelərini gücləndirə biləcəyi ehtimal olunur. Lakin bir çox ekspert hesab edir ki, aylardır davam edən etirazlara baxmayaraq, mövcud rejimi devirmək olduqca çətindir.

Hətta rejim dəyişsə belə, İranın Səddam Hüseynin devrilməsindən sonrakı İraq kimi uzun müddət xaos və qeyri-sabitliklə üz-üzə qala biləcəyi barədə xəbərdarlıqlar edilir.

Tehran bölgəni alova sürükləyəcəkmi?

ABŞ və İsrailin birgə əməliyyatından sonra İran Yaxın Şərqdə bir sıra ölkələrdə yerləşən Amerika hədəflərinə zərbələr endirdi. İran raket və dronlarının düşdüyü ölkələr arasında İsraillə yanaşı, Bəhreyn, BƏƏ, İraq, Küveyt, Qətər, İordaniya və Səudiyyə Ərəbistanı da var.

Səudiyyə Ərəbistanı cavab vermək hüququnu özündə saxladığını bildirərək Tehrana açıq mesaj göndərdi.

BMT Baş katibi Antonio Quterreş də daxil olmaqla, bir çox beynəlxalq rəsmilər xəbərdarlıq edir ki, İrana qarşı hərbi müdaxilə dünyanın onsuz da ən qeyri-sabit bölgəsində nəzarətdən çıxan hadisələr zəncirini başlada bilər.

CNN-in təhlilində isə İranın hücumlarının gözlənildiyi qədər təsirli olmadığı qeyd olunur və belə sual qoyulur: Bu, İranın imkanlarının zəiflədiyini göstərir, yoxsa Tehran hələ əlindəki əsas kartları açmayıb?

Sülh vədi verən Tramp niyə müharibəyə getdi?

İraq və Əfqanıstan müharibələrindən dərs çıxardığını deyən Donald Tramp dəfələrlə ABŞ-ni yeni münaqişələrdən uzaq saxlayacağını bildirmişdi. Buna baxmayaraq, o, ötən yay və indi yenidən İrana qarşı əməliyyat əmri verdi.

Bu qərar onun öz siyasi düşərgəsində də narazılıq doğurub. Respublikaçı siyasətçi Marjorye Teylor Qrin Trampın “Öncə Amerika” şüarına istinad edərək bu addımı xəyanət kimi qiymətləndirib. Demokrat senator Cek Rid isə bildirib ki, Tramp Amerika xalqının açıq istəyinə baxmayaraq, ölkəni İranla böyük müharibəyə sürükləyib.

BBC-nin Vaşinqton müxbiri Daniel Buşun fikrincə, Tramp, bəlkə də, siyasi karyerasının ən böyük riskini məhz İranda edir. Əgər İranın nüvə proqramı sıradan çıxarılsa və Tehran rejimi devrilsə, bu, Trampın siyasi imicini ciddi şəkildə gücləndirə bilər. Əks halda, Yaxın Şərqdə xaosun dərinləşməsi ABŞ-də keçiriləcək aralıq seçkilər ərəfəsində onun reytinqlərinə ağır zərbə vura bilər.

Beləliklə, Xameneinin ölümü təkcə İranda hakimiyyət boşluğu yaratmır. Bu hadisə regionun taleyini, ABŞ siyasətini və qlobal təhlükəsizlik balansını dəyişə biləcək yeni və təhlükəli mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Amir Aqiloğlu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05