Bu gün ustad sənətkar, xalq artisi Habil Əliyevin doğum günüdür.
“Sağ olsaydı, hamını başına yığıb, təmtəraqla doğum gününü qeyd edərdi. Çox sevirdi hədiyyələri. 8 mart bayramında qızlar mənə hədiyyə alanda deyirdi bəs mənim hədiyyəm hanı? Qızlar deyirdi ki, ata, bu gün qadınların bayramıdı. Zarafatla qayıdırdı ki, ay qızım, 70 yaşdan sonra, 8 mart elə kişilərin də bayramıdır. Onun zarafatlarının sayı-hesabı olmazdı. Birazdan uşaqlarım yenə yığışacaqlar atalarının doğum gününə. İndi məzarını ziyarət etməyə gediblər”.
Bunu Yenicag.az-a açıqlamasında mərhum kaman ustadı, xalq artisti Habil Əliyevin doğum günündə ömür-gün yoldaşı Şərqiyyə Əliyeva deyib.
Şərqiyyə xanım Habil Əliyevin ölümü heç vaxt qəbul etmədiyini də bildirib:
“Habil ən ağır xəstə olduğu dönəmdə belə ölümünə inanmırdı. Beş gün komada qaldı, ona qədər danışırdı. Ən böyük nigarançılığı məndən idi. Ölümündən əvəl mənə deyirdi ki, vəfasız dünyada yaşayırıq, mən öləndən sonra bilmirəm sənin vəziyyətin necə olacaq, sənə yaxşı baxacaqlarmı? Yuxuma tez-tez girir. Yuxuda həmişə gənclik çağlarını görürəm, hündürboy, yaraşıqlı. Onun yeri evimdə hər zaman görünür. Kamançası da onun üçün çox darıxıb”.
Cəvahir