Xanımı Habil Əliyevin xatirə günündə KÖVRƏLDİ: “Deyirdi, mən öləndə onu yanıma qoyun…”

“Həmişə zarafatla deyirdi ki, öləndə onu da yanıma qoyun, mənsiz darıxar”.

Bunu həyat yoldaşı Şərqiyyə xanım bu gün xatirə günü olan mərhum sənətkar Habil Əliyevlə bağlı xatirələrini bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.

O, Habil Əliyevin sənət dünyasında mükəmməl kaman ustadı olduğu kimi, ailədə də mükəmməl həyat yoldaşı olduğunu bildirib:

“Habil mənsiz bir iş görməzdi, bütün işlərində mənimlə məsləhətləşərdi. Ailəsinə çox böyük dəyər verərdi. Heç vaxt onunla ayrı qalmamışıq, hara gedirdi, məni də özü ilə aparırdı. Amma Allah bizi ayırdı. Düzdür, 88 yaşında onu itirdim. Amma elə adamlar var ki, yaşlı da olsa, onların ölümünü istəmirsən. Habil elə insan idi. Həmişə deyirdi ki, Şərqiyyə fikir eləmə, 100 il yaşayacam. Deyirdim, əlbəttə yaşayacaqsan. O ölümü özünə yaxın buraxan adam deyildi, çox həyatsevər idi. Kamança onun sanki övladı idi. Deyirdi, 5 övladım var, biri də kamançadır. Zarafatla deyirdi ki, mən öləndə onu da gətirib məzarım üstünə qoyun, tək darıxmasın. O qədər kamançasına bağlı idi”.

Şərqiyyə xanım onu da qeyd etdi ki, mərhum sənətkarın şəxsi kolleksiyasının bir hissəsi Ağdaş rayonunda yerləşən və onun adını daşıyan muzeyə hədiyyə olunub, bir hissəsi isə evinin bir otağında yerləşdirilib. Kim istəsə muzey kimi o otağı ziyarət edə bilər:

“Uşaqlar məzarı üstə gedəndə fotosunu çəkib mənə də göndərirlər. Fotoları ilə danışıram. Mənim üçün o, ölməyib. Azərbaycan durduqca Habil Əliyev də yaşayacaq, var olacaq”.

Cəvahir