Xaricdən gələn həkimlərə limit qadağası qoyulmalıdır?
Adil Qeybulla: “Xaricdən həkimlər xüsusi hallarda dövlət xəttilə gətirilə bilər”
Səhiyyə Nazirliyinin son açıqlamasında bildirilir ki, Azərbaycana xaricdən tibbi fəaliyyət göstərmək üçün gələn həkimlər arasında qanunları pozanlar da olur.
Bildiyimiz kimi, son illər bir sıra özəl tibb müəssisələri bu və ya digər əməliyyatın keçirilməsi üçün xarici həkimlərə üz tutur, onları bura gətirərək, reklam edirlər. Amma bu zaman onların nə qədər təcrübəyə malik olduqları heç yoxlanılmır. Beləcə, ölkəmizə gələn xarici həkimlərin sayı da getdikcə artır. Bir çoz mütəxəssislər gələrək, burada işləyən xarici həkimlərlə bağlı müəyyən limitin qoyulmasını təklif edirlər. Görəsən, belə bir limit olmalıdırmı?
Tibb elmləri doktoru Adil Qeybulla: “Xaricdən həkimlər Azərbaycana ancaq xüsusi hallarda dövlət xəttilə gətirilə bilər. Azərbaycan vətəndaşı olmayan şəxslərin burada tibbi fəaliyyətlə məşğul olması qadağan olunmalıdır. Amma qanunda olan boşluqdan beləcə sui-istifadə edirlər. Gələn həkimlərin peşəkarlığı ilə bağlı dəqiq məlumata malik deyilik. Bəzi özəl klinikalar, müxtəlif təyinatlı özəl müəssisələrdə bu həkimlərin dəvəti, hətta reklamı həyata keçirilir. Amma belə həkimlər mütləq akreditasiya almış, fəaliyyətinə icazə verilmiş, lisenziyası olan həkimlər olmalıdır. Onlara da bir müddətdən sonra ehtiyac olmayacaq. Azərbaycan Qərb təbabətinə keçir və bu gün yerli kadrlar Avropada, Türkiyədə hazırlanıb Azərbaycana gəlir. Xaricdən gələn həkimlər müəyyən əməliyyat keçirib, sonra çıxıb gedir. Amma sonradan xəstədə müəyyən fəsadlar ola bilər. Türkiyədə xaricdən gələn heç bir həkim orada tibbi fəaliyyətlə məşğul ola bilməz. Bunun üçün müxtəlif imtahanlardan keçməli, Türliyənin vətəndaşı olmalıdır. Amma ölkəmizdə kim istəsə gəlib, istənilən əməliyyatı keçirir. Bununla bağlı qanunda olan boşluq sui-istifadəyə gətirib çıxarır. Bu boşluqlar hansısa formada qanuniləşməlidir”.
Rüfət