Xarici İşlər Nazirliyində dövlətə qarşı üsyançılar – Prezident məsələyə əl qoydu
Jurnalist Eynulla Fətullayevin Xarici İşlər Nazirliyi içərisindəki xainlərlə bağlı araşdırması ciddi səs-küyə səbəb olub. Yenicag.az virtualaz.org-a istinadən həmin məqaləni təqdim edir: Prezident İlham Əliyev üçün heç də asan deyil. Çünki ölkədə, daha dəqiq desək, hakim elitada milli satqınlıq gündən-günə çiçəklənir.
Şübhəsiz ki, hakimiyyətin açıq rəqiblə mübarizə aparması, “döyüşməsi” daha asan və təmiz iş idi. Siyasi səhnədə bir-birinə əks qütbdə dayanan və ali siyasi hakimiyyət iddialarını açıq bəyan edən qüvvələr var idi. Deyək ki, 10 il əvvəl Əliyev hakimiyyətinin tərəfdarları ilə əleyhdarlarını bir-birindən barrikadalar ayırırdı.
Lakin çoxillik vətəndaş qarşıdurması başa çatandan (bütün müharibələr nə zamansa başa çatır!) sonra İlham Əliyevin əleyhdarlarının ya ölkəni tərk etməkdən,-müxalifətçilərin çoxu bu yolu seçdi,- ya da mövqelərini getdikcə möhkəmləndirən hakimiyyətin sıralarında əriyib itməkdən başqa yolu qalmadı. İndiki hakimiyyətin ideoloqları İlham Əliyevin atası Heydər Əliyevi ümummilli lider elan etsələr də ədalət naminə deyək ki, millətin gücünü birləşdirən lider roluna məhz İlham Əliyev daha çox iddia edir.
Əgər Heydər Əliyevin hakimiyyəti dövründə vətəndaş qarşıdurması çoxsaylı qanunauyğun tarixi və subyektiv amillər ucbatından bəzən ən yüksək gərginlik həddinə çatırdısa, İlham Əliyev cəmiyyətdə mütləq mənada siyasi harmoniya yaratmağa nail oldu. Siyasi passionarlar arasında barışığı və yaradıcı birliyi təmin edən İlham Əliyev bu mənada daha çox İspaniya kralı Xuan Karlos kimi çıxış etdi. Lakin bütün bunlar artıq tarixi determinizm sahəsinə aid məsələlərdir. Bu gün isə söhbət klassik milli satqınlıqdan gedir.
Bəli, hakim elita artıq yekcins deyil. Əvvəllər bir-birinə qarşı və zidd mövqedə olan qüvvələr də orada özünə yer eləyib. Ayaz Mütəllibovu, İsa Qəmbəri, İlyas İsmayılovu, hətta ən qatı anti-Əliyevçi Fərəc Quliyevi barrikadanın bir tərəfində, eyni cinahında və bir yerdə kim təsəvvür edə bilərdi? Yalnız qeyri-adi siyasi istedadı olan şəxs onların hamısını vahid siyasi cəbhədə birləşdirə bilərdi.
Azərbaycanın bütün tarixi boyunca ilk dəfə belə bir ənənə də yarandı: daha ambisiyalı siyasətçilərin və yeni formasiyaya heç cür uyğunlaşa bilməyən hakim elita təmsilçilərinin ölkədən bir növ “diplomatik sürgün”ə göndərilməsi, deportasiya olunması. Nəhayət, həmin o Eldar Həsənovu Çernoqoriyada, Tamerlan Qarayevi İndoneziyada, Həsən Həsənovu haradasa Şərqi Avropada, nəhayət, Namiq Abbasovu mücahidlərin qonşuluğunda saxlamaq onları həbsxanada saxlamaqdan şübhəsiz ki, daha sərfəlidir, elə deyilmi?!
Lakin hətta bu xarizmatik və hakimiyyətsevər revanşistlər də bəzən qəbuledilməz görünən yeni, kifayət qədər sərt, amma ədalətli siyasi oyun qaydalarını qəbul edirlər. Yeni qaydalara qarşı bir kəlmə də danışmırlar, heç bir halda və şəkildə etirazlarını bildirmirlər, özündənrazılıq etmirlər. Onlar Taleyranın bu dəyişməz prinsipi ilə işləyirlər: dil diplomata öz fikirlərini gizlətmək üçün verilib. Onların keçib məchulluğa getdikləri XİN qapıları isə barışıq qapısı və olanları dönə-dönə düşünmək üçün fürsət olub.
Lakin bu, nə qədər təzadlı görünsə də belədir: məhz Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məmur zümrəsi arasında milli satqınlığın yeni ünvanına, mənbəyinə çevrilib.
Görünür, hakim elita nümayəndələrinin sıralarında baş verənlərə görə məsuliyyət daşıyan strukturlar – MTN və DİN-in məxfi polisi narazı elektoratın yeni liderini gözdən qaçırıblar.
Siz necə düşünürsünüz: bugünkü Azərbaycanda prezident hakimiyyəti tərəfə kim “əlcək atıb”? Azərbaycan XİN-dəki yaxşı təşkil olunmuş və strukturlaşmış qruplaşma!
Bəli, əziz oxucu, təəccüblənməyin! Səfir Arif Məmmədovun və onun çoxsaylı ordusunun Azərbaycana yaxınlaşmaqda olan sosial və siyasi böhran anlarında elədiyini heç Əli Kərimlinin başçılıq etdiyi barışmaz müxalifət də edə bilməyib.
Beləliklə, Azərbaycan XİN-in yüksək rütbəli əməkdaşı, İslam Konfransı Təşkilatının (İKT) Avropa İttifaqı (Aİ) yanındakı nümayəndə heyətinin (Azərbaycan tərəfdən) hazırkı rəhbəri Arif Məmmədov Bakıda yaşayış binasında baş vermiş dəhşətli yanğının elə səhərisi gün Azərbaycan xalqına çağırışla müraciət edib. Bu çağırış onun şəxsi facebook səhifəsində yerləşdirilib.
Xatırladaq ki, A.Məmmədov yeniyetmə, hətta gənc deyil ki, bu siyasi çağırışı “qəlbinin harayı” kimi təqdim və ya izah etsin. Yox, o, kifayət qədər təcrübəli diplomatdır. A.Məmmədov 7 il Azərbaycanın Aİ-dəki nümayəndəliyinə başçılıq edib. Daha 5 il ərzində isə Azərbaycanın Avropa Şurasındakı nümayəndəliyinin rəhbəri olub.
Bəs bu məşhur diplomat öz bloqunda nə yazıb? Özünüz oxuyun:
“Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbr versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar”.
Azərbaycan səfirinin bu çağırışını oxuyanda şəxsən mən gözümə inanmadım. Bir daha, dönə-dönə oxudum. Fikirləşdim ki, bəlkə nəsə anlaşılmazlıq, səhlənkarlıq olub, yaxud da facebookdakı saxta profillərdən biridir.
Amma yox, dəqiq idi. Təsəvvür edirsinizmi, belə etirazçı ovqata malik bir adam bu dəfə bütün İslam dünyasını Azərbaycan adından Avropada təmsil edib və etməkdə də davam edir! Yaxşı, bütün bunlardan sonra bəs biz Şultsdan, Qrossdan və Ştrasserdən nə tələb edirik? Dövlət Departamentinin, Avropanın notalarına cavab veririk? Yoxsa öz ağuşumuzda ilan bəsləmişik?
Arif Məmmədov təkcə prezidentə və ona bu qədər etimad göstərmiş hakimiyyətə yox, elə özü-özünə də xəyanət edib. Çünki əsl diplomat və siyasətçi (mən hələ əsl kişini demirəm) qulluq etdiyi hakimiyyətin siyasəti ilə razı deyilsə, istefa verdiyini və müxalifətin sıralarına keçdiyini var səsi ilə bəyan etməli idi.
Səfir əslində Əli Kərimli ilə Cəmil Həsənlinin dilindən çıxan lənət dolu bəyanatları sözbəsöz təkrar edib. Bundan əlavə, səfir (!!!), Azərbaycan diplomatı xalqı daha bu biabırçılığa daha dözməməyə çağırır. Məmurları isə öz xalqının əzab və məhrumiyyətləri hesabına milyonlar qazanmaqda ittiham edir!
Belə görünür ki, biz hamımız uçurumun qırağına – sözün, emosiya və hisslərin qurtardığı yerə gəlib çıxmışıq! “Əliyev hakimiyyətinin zülmü altında inləyən Azərbaycan xalqının əzab və məhrumiyyətləri” barədə yalnız təkcə səfir Arif Məmmədov düşünsəydi, yenə dərd yarı olardı. Amma yox! Hakimiyyətə qarşı çıxmağa hazır olan narazı azərbaycanlı diplomatların, yüksək rütbəli diplomatların siyahısı adamı dəhşətə gətirir. Burada isə həmin çağırışı dəstəkləyən digər diplomatların adları ortaya çıxır.
Bunlar XİN mətbuat xidmətinin rəhbəri, Elmar Məmmədyarovun sözçüsü Hikmət Hacıyev, XİN əməkdaşı Fərəh Gözəlova, diplomat Cavid Musayev, XİN əməkdaşı Anar Mədətli, daha bir diplomat Ramiz Vəliyevdir…
Aman Allah, bu ki, əsl qiyamdır. Mənasız və amansız bir qiyam. Buyurun, bu da sizə fotofaktlar.



◀▶
Əgər siz müxalifətin yeni lideri, səfir Arif Məmmədovun hakimiyyətə qarşı yalnız bir çıxışla kifayətləndiyini düşünürsünüzsə, səhv edirsiniz. Yeni müxalifətçi Prezident Administrasiyasına yaylım atəşi açmaqda davam edir: “Avropa Oyunlarının məşəldarları siyahısına xalq arasında sevilən parlaq şəxsləri, məsələn, Siyavuş Novruzovu (idmançı və millət vəkili), Əhəd Abıyevi (intellektual və millət vəkili), gül kimi Hafiz Hacıyevi (nəhəng partiyanın rəhbərini) niyə əlavə olunmasın? Ölkənin parlaq “dostları”nı, məsələn, Jirinovski və ya Gennadi Züqanovu da bu siyahıya əlavə etmək olar”.
Buna bəlkə də inanmazsınız, amma belədir: Azərbaycan hakimiyyətinin nümayəndəsi öz həmkarlarını necə ələ salır, aşağılayır. Biz hələ onu demirik ki, bu adam İlham Əliyevin özünə qarşı çıxır. Axı Jirinovskini və Züqanovu Bakıda şəxsən prezident özü qəbul etmişdi!
Buyurun, bu da səfirin çıxışından daha bir skrinşot:
Arif Məmmədov tamamilə riyakar və sifətsiz, vicdansız və şərəfsiz bir adamdır.
Sual yaranır: bu hakimiyyəti təmsil edən şəxslərə üstdən aşağı baxırsansa, onları sosial şəbəkələrdə lağa qoyursansa, İlham Əliyevin hörmətlə qəbul etdiyi rusiyalı siyasətçilər sənin ürəyincə deyilsə, sadəcə istefa verib qapını örtmək və çıxıb getmək daha rahat və təmiz iş olmazdımı?
Lakin təəssüf ki, Arif Məmmədov nəinki bu hakimiyyətə, ümumən Azərbaycana nifrət edir. Bu adam öz xalqı barədə gör nə deyir: “Təxminən 20 ildir Avropada normal adamların arasındayam… 3 gün Bakıda oldum və artıq qocaldım…”
Belə də əclaflıq olarmı?! Əminəm ki, Məmmədov uzaq Brüsseldə də öz xalqı haqda belə sözləri tez-tez təkrarlayır. Onun Azərbaycan büdcəsi hesabına Brüsseldə keçirdiyi dəbdəbəli həyat tərzini ilə necə öyünməsinə fikir verin: “SPA-mərkəzlərindən ötrü sinov gedirəm. Biz ailədə yalnız çox dadlı və faydalı yeməklər yeyirik”.
Məmmədov ölkəsini, prezidentini, öz xalqını satdı. Ona verilə biləcək ən layiqli cəza MTN təcridxanasında “çox dadlı və faydalı” yeməklər ola bilərdi. Çünki fəaliyyəti xarici xüsusi xidmət orqanları və qərbli diplomatlar tərəfindən izlənilən səfir öz ölkəsinə olan etimadı tamamilə şüurlu şəkildə sarsıdır.
İndi səfirin bu ifşasından sonra mənim Azərbaycan hökumətinə qarşı bəyanatlarla çıxış edən avropalı komissarların və avroparlamentarilərin mövqeyinə dair heç bir şübhəm qalmır!
Və çoxsaylı qətnamələrin, bəyanatların və etirazların mənşəyi haqda da heç bir şübhəm qalmadı! Bizə Brüsseldə tənqidçilər və düşmənlər lazım deyil, bu rolu XİN əməkdaşları, səfir Arif Məmmədov yaxşı icra edir.
Daha sözüm qalmır. Söz bitəndə isə həqiqət başlayır. Həqiqət isə günahımızdır. Bizim və sizin günahınız. Biz o ölkədə yaşayırıq ki, səfirlər və XİN dövləti və hakimiyyəti ifşa edir. Mənə ikinci belə ölkə göstərin. Belə ölkəni heç tarixdən də bilmirəm!
***
Haqqin.az və virtualaz.org saytlarında Azərbaycanın Xarici İşlər Nazirliyində bir sıra əməkdaşların İlham Əliyev hakimiyyətinə qarşı az qala üsyana çağıran çıxışlarına dair araşdırmasından sonra bu sistemdə təcili qaydada təmizləmələr başlayıb.
Virtualaz.org saytına məlumatlı mənbələrdən daxil olan informasiyaya görə, artıq anti-hakimyyət çıxışlarına görə iki səfirin geri çağırılması proseduru başlayıb.
XİN Azərbaycanın Avropa İttifaqındakı keçmiş səfiri, hazırda ölkəni İslam Konfransı Təşkilatında (İKT) təmsil edən, 1993-cü ildən XİN sistemində işləyən, Bakıdakı bina yanğınına görə sosial şəbəkələrdə açıq şəkildə xalqı bu hakimiyyətə qarşı səbr nümayiş etdirməməyə çağıran səfir Arif Məmmədovun geri çağırılacağı barədə İKT-yə məlumat verib.
Arif Məmmədov
Tezliklə onun səfir vəzifəsindən azad olunacağına dair fərmanın imzalanacağı gözlənilir.
Bundan əvvəl isə prezident üsyankarlardan birinin – XİN əməkdaşı Anar Mədətlinin (o, səfir Arif Məmmədovun xalqı hakimiyyətə qarşı etiraza çağırmış facebook statusunu like edənlərdən biridir) atası, Azərbaycanın Ukraynadakı səfiri və GUAM yanındakı daimi nümayəndəsi Eynulla Mədətlinin vəzifəsindən azad edilməsinə dair fərman verib.
Xatırladaq ki, onun oğlu Anar Mədətli Azərbaycanın Belçikadakı səfirliyinin əməkdaşıdır.
XİN-dəki gizli antiəliyevçilər arasında Belçikadakı səfirliyin daha iki əməkdaşı yer alır. Bunlar Fərəh Gözəlova və Ramiz Vəliyevdir.
Saytımıza daxil olan məlumata görə, XİN rəhbərliyinin göstərişi ilə gizli antiəliyevçi hərəkatın bütün üzvləri, o cümlədən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin barəsində xidməti təhqiqat başlayıb. Cinayət işlərinin qaldırılması da gözlənilir.
***
“Səfir Arif Məmmədovun qanında erməni qanı var”
“Uzun müddət Azərbaycanın Avropa İttifaqında nümayəndəliyinin rəhbəri, Avropa Şurası yanında daimi nümayəndəsi, indi isə İslam Əməkdaşlıq Təşkilatı yanında nümayəndəsi Arif Məmmədov Azərbaycan xalqına qarşı hörmətsizlik edib. Buna görə də o, tutduğu vəzifədən dərhal geri çağırılmalı və ona verilən bütün diplomatik titullar alınmalıdır”.
Bunu “Trend”ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, qanında, canında azərbaycanlı qanı olan bir insan bu cür həqarətlə azərbaycanlıları, öz ölkəsini, öz millətini təhqir edə bilməz: “Bu adamın qanında erməni qanı var. O deyir ki, “3 gün Azərbaycanda qaldım, mən qocaldım”. 20 il Azərbaycanın dövlət vəsaiti hesabına, Azərbaycan vətəndaşlarının verdiyi vergilər hesabına 100 min avrodan bahalı maşında gəzən, uşaqlarını bahalı məktəblərdə oxutduran, ailəlikcə müxtəlif istirahət mərkəzlərində dincələn və Azərbaycan Respublikasından əməkhaqqı alan bu adam Azərbaycan haqqında belə söz deyirsə, o, yalnız erməni ola bilər”.
Millət vəkili deyib ki, bu cür adamın diplomatik vəzifədə çalışması Avropa Şurası, Avropa Parlamenti tərəfindən antiazərbaycan bəyanatlarının yayılmasının başında kimin durduğunu bəlli edir: “Bu adam özü Azərbaycan haqqında bu cür düşündüyü halda Avropa İttifaqında, Avropa Şurasında Azərbaycan haqqında hansı təbliğatı apara bilər? Avropadan gələn bütün insanlar, turistlər, beynəlxalq tədbirlərdə iştirak etmək üçün gələn dövlət adamları, prezidentlər Azərbaycanın nə qədər inkişaf etdiyini, Bakının, Azərbaycanın regionlarının nə qədər gözəlləşdiyini qeyd etdikləri halda, Azərbaycanın səfiri burada 3 gün yaşayanda qocalmağı barədə bəyanat yayır. Azərbaycanın sosial-iqtisadi inkişafını, Azərbaycanda tikilmiş üç mindən artıq məktəbi, 500-dən artıq xəstəxananı, yüzlərlə uşaq bağçasını, yeni tikilən yolları, körpüləri ya bunun gözü görmür, ya da görmək istəmir, çünki qanında erməni qanı var”.
S.Novruzov qeyd edib ki, A.Məmmədovun Azərbaycan haqqında çıxışı Zori Balayanın çıxışı ilə eynidir: “Bu düşüncənin sahibi ancaq erməni ola bilər. Buna görə də o, dərhal geri çağırılmalı, tutduğu vəzifədən azad edilməli və ona verilmiş bütün diplomatik rütbələr əlindən alınmalıdır”.