Bilirsiniz, belə insidentlər olur. Onlar təxribat xarakterli deyil.
Yenicag.az xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında dekabrın 6-da Gürcüstan-Azərbaycan sərhədində baş verən insidentə münasibət bildirərkən deyib.
“Ola bilsin müəyyən səhvlərdən belə hadisələr baş verir. Belə insidentlər adətən sərhəd xidmətləri arasında keçirilən görüşlər və təmaslar vasitəsilə həll olunur. Ona görə də bu dövlətlər arası səviyyədə müzakirə olunan məsələ deyil”, – X.Xələfov bildirib.
Qeyd edək ki, dekabrın 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəmkir sərhəd dəstəsinin “Ceyrançöl” adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 1 nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan ərazisinə keçməsi müşahidə olunub. Sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum edib. Sərhəd naryadı həyatına təhlükə yaranması ilə əlaqədar havaya xəbərdarlıq atəşi açıb, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq olunub.
Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının yanında yerdə uzanmasını müşahidə edib, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olması aşkarlanıb.
Sərhəd naryadı tərəfindən dərhal ona ilkin tibbi yardım göstərilib və yaxınlıqdakı tibb müəssisəsinə təxliyəsi təşkil olunub. Hazırda səhhəti qənaətbəxşdir.
Həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilib, onun Gürcüstan vətəndaşı, Saqareco rayonunun Ləmbəli kənd sakini 1993-cü il təvəllüdlü Bəşirov Ramin Nizami oğlu olması müəyyənləşdirilib.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam olunub, sərhəd nümayəndələri səviyyəsində Gürcüstan sərhədçiləri ilə işçi görüş keçirilib.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən müvafiq araşdırma aparılır./Report/
www.yenicag.az