Xəzər dənizinin çirklənmədən qorunması, ətraf mühitə atılan tullantıların azaldılması, insanların sağlamlığına, ümumiyyətlə, təbiətə mənfi təsir göstərən amillərin qarşısının alınması Azərbaycan dövlətinin və dövlət başçısının ETSN-nin qarşısına qoyduğu əsas məsələlərdən biridir.
Yenicag.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qəmbərov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ətraf mühitə və Xəzər dənizinə atılan tullantıların maksimum dərəcədə azaldılması bu günün ən vacib tələbidir.
“Xəzər dənizi daha çox təsərrüfat-məişət tullantı suları və neft-qaz hasilatında əmələ gələn lay suları ilə çirkləndirilir. Lay suları ilə dənizi çirkləndirən obyektlər əsasən “Suraxanı Oil Company”, “Balakhanı Operating Ltd” əməliyyat şirkətləri və Azgerneft MMC-dir. Təəssüf ki, bu müəssisələrdə əmələ gələn tullantı suları təmizlənmədən birbaşa Xəzərə axıdılır”.
Belə çirklənmənin qarşısının alınması işlərindən danışan mütəxəssis qeyd edib, Azneft İstehsalat Birliyinin “Abşeronneft”, “Bibiheybət”, H.Z.Tağıyev, N.Nərimanov adına neft-qazçıxarma idarələrinin istehsalat sahələrində və Binəqədi Əməliyyat şirkətində əmələ gələn lay suları düzgün idarə olunur:
“Yəni bu gün sözügedən müəssisələrdən Xəzərə heç bir tullantı suyu axıdılmır. Deməli, digər çirkləndiricilər də istəsələr, bunu edə bilərlər.
Xəzər dənizində ekoloji vəziyyətin yaxşılaşdırılması ETSN-nin birbaşa funksiyalarına aiddir, ona görə də tərəfimizdən daha sərt tədbirlərin görülməsi istiqamətində işlər aparılır”.
www.yenicag.az