Xəzər Universitetinin yaradılmasının 35 illiyi qeyd edildi - FOTO/VİDEO
Martın 17-də Azərbaycan ali təhsil sistemində mühüm rol oynayan Xəzər Universitetinin yaradılmasının 35 illiyi qeyd edilib.
Yenicag.az xəbər verir ki, tədbirdə Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı, universitetin rektoru Raziyə İsayeva, Gənclər və İdman naziri Fərid Qayıbov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, millət vəkilləri Ceyhun Məmmədov, Fazil Mustafa, “Dünya” məktəbinin direktoru Aygün İsayeva, media nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Yubiley mərasimi universitetin tələbələrindən ibarət xor kollektivinin kamera orkestrinin müşayiətində Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Açılış nitqi ilə çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı bildirib ki, 1991-ci ildə bütün postsovet məkanında ilk özəl ingilisdilli universitet kimi yaradılan Xəzər Universiteti ötən 35 il ərzində Azərbaycanda ali təhsilin modernləşməsinə mühüm töhfə verib.
Tədbir zamanı Xəzər Universitetinin yaradıldığı ilk illərdən bu günə qədər keçdiyi inkişaf yolunu əks etdirən film nümayiş olunub.
Daha sonra çıxış edən rektor Raziyə İsayeva universitetin tələbələri və əməkdaşlarının ABŞ-da mübadilə proqramlarında iştirak etdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və dünyanın müxtəlif universitetlərinin rəhbərləri Xəzər Universitetinin təkcə Azərbaycanın deyil, regionun seçilən ali məktəblərindən biri olduğunu vurğulayıblar.
Çıxışçılar qeyd ediblər ki, universitetin məzunları ölkənin elmi inkişafına və intellektual cəmiyyətin formalaşmasına mühüm töhfələr veriblər.
Sonda xüsusi yubiley təltifləri təqdim edilib. Yubiley mərasimi incəsənət xadimlərinin iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam edib.
Samir Məcidov













