Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında belə bir iddia irəli sürüb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı güzəştləri barədə məlumat versin, sonra Emənistan öz güzəştləri barədə məlumat verə bilər. Paşinyanın diqqətinə çatdırmaq istərdik ki, Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, Azərbaycanın 25 ildən artıqdır Ermənistanla danışıqları davam etdirməsi Azərbaycanın ən böyük güzəştidir.
Yenicag.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, ilk növbədə, Ermənistanın Azərbaycana qarşı işğalı aradan qaldırılmalıdır:
“Münaqişənin siyasi həllinə nail olmaq üçün ilk növbədə, işğal ləğv olunmalı və status-kvo dəyişməlidir. Ermənistan münaqişənin həllində maraqlıdırsa, işğal faktını aradan qaldırmalı və BMT-nin münaqişə ilə bağlı qətnamələrinə əməl etməlidir. Yalnız bu əsasla münaqişənin həlli üçün əlverişli mühit əldə edə bilərik”.
www.yenicag.az