Yağ bazarında "İran-ABŞ" gərginliyi: Satıcılar vəziyyətdən necə FÜRSƏT QAZANIR?
Azərbaycanda bəzi mühərrik yağlarının qiymətində müşahidə olunan artımın səbəbləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında avtomobil ustası Sahil Ağabəyli bildirib ki, bahalaşma bütün yağ məhsullarını əhatə etmir. Onun sözlərinə görə, qiymət artımı yalnız məhsulların müəyyən hissəsinə təxminən 15-20 faizinə aiddir və bu da daha çox süni amillərlə bağlıdır:
“Bu, bütün yağlara aid deyil. Təxminən 15-20 faiz yağlarda qiymət fərqi yaranıb. Bahalaşmanı İran və Amerika arasındakı gərginliklə əlaqələndirirlər. Hörmüz boğazından gəmilərin və yükdaşıyıcıların keçidində problemlər olduğu deyilir. Amma əslində, mövcud vəziyyətdən istifadə edən bəzi satıcılar süni qiymət artımına gedirlər. Yəni malın tədarükündə fasilə yaranan kimi bunu fürsət bilib qiyməti qaldırırlar”.
Ekspert vurğulayıb ki, istehsalçı ölkələrdə və daşınma prosesində real qiymət artımı qeydə alınmayıb:
“Əslində, nə zavoddan çıxan yağların qiymətində, nə də daşınma xərclərində artım var. Sadəcə gecikmələr mövcuddur. Bu gecikmələrdən istifadə edib qiymətləri qaldırırlar. Mən bunu açıq şəkildə işbazlıq hesab edirəm, çünki bahalaşma üçün real iqtisadi səbəb yoxdur”.
Sahil Ağabəyli qeyd edib ki, bu vəziyyətin uzunmüddətli olmayacağı gözlənilir:
“Düşünürəm ki, bu problem qısa müddət ərzində nizamlanacaq. Mən özüm uzun illərdir bir yağ şirkəti ilə işləyirəm və həmin məhsullarda heç bir qiymət artımı yoxdur. İllərdir hansı qiymətə satırıqsa, hazırda da həmin qiyməti saxlayırıq”.
O, həmçinin avtomobil ustalarının xidmət haqlarına da toxunaraq maraqlı bir məqama diqqət çəkib:
“20 il əvvəl yağdəyişmə xidməti 5-10 manata başa gəlirdisə, bu gün bəzi hallarda bu iş 5 manata belə icra edilir. Yəni dünyada hər şey bahalaşdığı halda, ustaların xidmət haqqı əksinə, ucuzlaşır. Bu isə təəssüf doğuran haldır”.
Beləliklə, ekspertlərin fikrincə, bazarda müşahidə olunan qiymət artımlarının bir hissəsi real iqtisadi səbəblərlə deyil, süni amillərlə bağlıdır və yaxın zamanda vəziyyətin stabilləşəcəyi ehtimal olunur.
Samir Məcid













