Bu il parlament seçkilərində namizədliyini verən şəxslər arasında 3 nəfərin adı diqqətçəkən oldu. Bunlar Ağalar Vəliyev, Cavanşir Paşazadə və Məşhur Məmmədovdur.
Dövri mətbuatda zaman-zamana adı qalmaqallarla hallanan millət vəkillərinin yenidən parlamentdə təmsil olunmaq istəyi isə birmənalı qarşılanmayıb.
Yenicag.az ölkənin ən stajlı və biznes imperiyalarına malik olan deputatları ilə bağlı apardığı araşdırmalar çərçivəsində bu gün adıçəkilən 3 namizədlə ilə tarixə ekskurs edəcəyik.
Elə başlayaq Ağalar Vəliyevdən. A.Vəliyevi ictimaiyyət deputatdan daha çox iş adamı və “Azəraqrartikinti” ASC-nin rəhbəri kimi tanıyır. Mətbuatın monitorinqi göstərir ki, Ağalar Vəliyev Milli Məclisin ən qalmaqallı deputatlarından biridir.
Ağalar Vəliyevin biznesinə “Kristal Abşeron” MMC də daxildir. Belə ki, bu şirkətin təsisçisi Tovuzdan olan iş adamı Məhayət Nəbiyevdir. Şirkətin qeyri-rəsmi sahibi isə deputat Ağalar Vəliyevdir. Tikinti maqnatı sayılan cənab Vəliyevin xarici ölkələrdə də bina tikintisi, təmir və satışı işi ilə məşğul olduğu bildirilir.
Şeyxülislam Allahşükür Paşazadənin qardaşı olan Cavanşir Paşazadəyə gəldikdə isə deyə bilərik ki, o, taxta-şalban deposu, topdan və pərakəndə satış mərkəzləri, Keşlədə taxta satışı deposu, mərasim zallarının tikintisi və icarəsi, mərasimlərə təqdim edilən ərzaq mallarının istehsalı müəssisələrinə sahib olduğu deyilir. Hətta onun qardaşı Şeyxülislam Allahşükür Paşazadənin hesabına biznes fəaliyyətlərini genişləndirdiyi bildirilir. Qeyd olunur ki, şeyxülislam qardaşının biznes imperiyasına maliyyə yatıran əsas kuratorlardan biridir.
Məşhur Məmmədov da tanınmış iş adamlarından biridir. Qeyd edək ki, M. Məmmədov heç də kiçik biznesmenlerdən deyil. Belə ki, deputatlığa namizəd ərzaq mallarının satışı deposu, kimyəvi təmizləmə mərkəzləri, kosmetik məhsulların satışı işində peşəkarlaşmış iş adamı kimi qələmə verilir.
Azərbaycanın ən tanınmış mebel satışı mərkəzlərindən biri olan “Embawood” şirkətinin həmtəsisçisi olduğu deyilən Məşhur Məmmədov həmçinin Nyu-Yorkda milyonluq villası ilə bir zamanlar medianın gündəminə çevrilmişdi. Hətta yerli mətbuatda ABŞ-də yaşayan oğlu Məmməd Şahbazovun adına “Masalli Enterprise LLC”ni təsis etməsi ilə bağlı da informasiyalar dərc olunmuşdu.
M. Məmmədovun ən böyük biznes sahəsi qeyd-şərtsiz “Embawood”dur. 1996-cı ildə qurulmuş “Embawood” şirkəti artıq öz sərhədlərini xeyli genişləndirib. Şirkətin kağız üzərində rəhbəri Elşad Abbasovdur.
Şirkət 1996-cı ildə Masallıda mebel istehsalını qurub, 2000-ci ildə Xırdalanda ikinci fabriki açıb, 2005-ci ildə regionlarda böyük anbarlarını yaradıb.
Bu gün “Embawood” şirkəti Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr də daxil olmaqla 6 fabrik, tərkibində 200-dən çox mağazası olan qlobal pərakəndə satış şəbəkəsi yaradıb. Qazaxıstanda 26, Gürcüstanda 21 mağaza və Ukraynada 20-dən çox mağaza, dünyanın digər ölkələrində isə “Embawood” şirkətinə məxsus satış nöqtələri vardır.
Xatırlatmaq yerinə düşər ki, qanunvericilik Milli Məclisin deputatları, eyni zamanda, dövlət qulluğunda çalışan məmurların bizneslə məşğul olmasını qadağan edir. Bizneslə məşğul olub, sonradan vəzifəyə təyinat alan şəxslər isə sahib olduğu mal-mülk və iş yerlərini yaxın adamları, övladları, qardaşlarına həvalə edirlər. Bununla da onların rəsmi sənədlərdə artıq heç bir biznes fəaliyyəti ilə məşğul olunmadıqları görünür. Reallıq isə budur ki, onlar “biznes imperiyalarına” deputat qiyafəsi altında nəzarət etməyə davam edirlər.
www.yenicag.az