Yaponiyada güclü zəlzələ: 150 mindən çox insan təxliyə edilir - YENİLƏNDİ
Yaponiyada 7.5 maqnitudalı zəlzələdən sonra 156 mindən çox əhalinin təxliyə olunması barədə göstəriş verilib.
Yenicag.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Seysmoloqlar zəlzələnin maqnitudasını əvvəl 7.4, daha sonra 7.5 bal olaraq qiymətləndiriblər.
Məlumata görə, təxliyə Hokkaydo, Aomori, İavte, Miyagi və Fukusima prefekturalarında həyata keçirilir.
Qeyd olunur ki, seysmik hadisə Honsu adasının şimalında yerləşən Aomori prefekturasında baş verib. Yaponiyanın şimal bölgəsində sakinlər mümkün sunami təhlükəsi barədə xəbərdar olunublar.
***
Yaponiyanın şimal-şərq sahillərində 7,4 maqnitudalı zəlzələ olub, ardınca mümkün sunami ilə bağlı xəbərdarlıq elan edilib.
Yenicag.az xəbər verir ki, “Report” bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Sakit okeanda, təxminən 10 kilometr dərinlikdə yerləşib. Hakimiyyət İvate, Aomori və Hokkaydo prefekturaları üçün hündürlüyü 3 metrə çatan sunami xəbərdarlığı elan edib.
Zəlzələ Yaponiyanın seysmik intensivlik şkalası üzrə “yuxarı beşlik” kimi qiymətləndirilib – bu, insanların hərəkətində ciddi çətinliklərin və konstruksiyaların zədələnməsinin, o cümlədən armatursuz beton divarların çökməsinin mümkün olduğu bir səviyyədir.













