“Məsuliyyətsiz insanlar pandemiya ilə mübarizənin ön cəbhəsində olan həkimlərimizin zəhmətini yerə vurmaqla məşğuldurlar”.
Bu sözləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılış mərasimindəki çıxışında ölkədə karantin rejiminin sərtləşdirilməsinin səbəbləri haqda fikirlərinə münasibət bildirən Respublikaçılar Partiyasının (ARP) sədri Sübut Əsədov deyib.
Sübut Əsədovun sözlərinə görə, vəziyyətin sabitləşdirilməsi üçün mövcud karantin rejiminin sərtləşdirilməsinə ehtiyac var:
“Azərbaycan pandemiyaya qarşı mübarizə çərçivəsində bütün zəruri addımları elə ilkin mərhələdə atdı. Məhz bu addımlar sayəsində çox ciddi nəticələr əldə olundu və virusun yayılma arealı minimuma endirildi.
Amma birmənalı olaraq, təəssüflə bildirmək istəyirəm ki, karantin rejiminin yumşaldılmasından sonra əhalinin müəyyən qisminin yol verdiyi səhlənkarlıq koronavirus təhlükəsinin yenidən artmasına yol açdı.
Mən bu fikri çəkinmədən işlədirəm, çox acınacaqlı haldır ki, hal-hazırda insanlarımızın bir çoxu pandemiya ilə mübarizənin ön cəbhəsində olan, gecəsini gündüzünə qatan həkimlərimizin, polislərimizin zəhmətini yerə vurmaqla məşğuldur.
Təbii ki, bu sözləri hər kəsə şamil etmirəm. Xalqımız nəhayət inanmalıdır ki, bu virus var və hər gün yüzlərlə yoluxma qeydə alınır, bir neçə ölüm halı baş verir. Cənab prezident də həmin fikirləri yaranmış vəziyyətdən çıxış edərək, dilə gətirib.
Ona görə də, xalq olaraq, cənab prezidentin başçılığı altında pandemiya ilə mübarizədə öz üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Vəziyyətin sabitləşdirilməsi üçün mövcud karantin rejiminin sərtləşdirilməsinə ehtiyac var. Yaranmış şərait bunu diqtə edir”.
Aqil Bəkir
www.yenicag.az