Ölkə mətbuatında fəaliyyəti mütəmadi olaraq tənqid olunan rayonlardan biri də Yardımlıdır.
Sevindik Hətəmovun rəhbərlik etdiyi bu ucqar dağ rayonunda əhali onsuz da minimum şərtlər içərisində yaşayır. Məmur özbaşınalığı və süründürməçilik isə Yardımlıda vəziyyəti bir qədər də dözülməz edib.
Bununla bağlı Savash.org-a məlumat verən mənbənin sözlərinə görə, rayondakı sahibkarlar müxtəlif bəhanələrlə sızışdırılır və onlara normal fəaliyyət imkanları tanınmır. Bu işdə isə icra başçısı Sevindik Hətəmovun “sağ əli” sayılan müavini Mahir Mirzəyevin “müstəsna xidmətləri” var. Məşhur və sevilən Azərbaycan filmlərindən olan “Axırıncı Aşırım” filmi ilə paralelləe aparan bəzi yerli sakinlər isə Mahir Mirzəyevə yeni ayama da qoşub, icra başçısının “Qəmlo”su adlandırılan Mahir Mirzəyev bu adı yerli sahibkarlara yaratdığı problemlərə görə qazanıb.
Hər şeydən öncə qeyd edək ki, Mahir Mirzəyev doğurdan anolqu olmayan məmurlardan hesab olunur və bu şəxsin Yardımlıda yaratdığı korrupsiya və talançılıq sisteminə hətta iri çaplı Azərbaycan məmurları belə həsəd apara bilər. Yardımlıdan Savash.org-a daxil olan məlumatlarda bildirilir ki, Mahir Mirzəyev saxtakarlıqları,özbaşnalıqları,vəzifədən sui istifadə etməyi, əhaliyə zülm etməsi, dövlət vəsaitlərini talaması artıq bütün həddləri aşıb. Bir sözlə Yardımlını tam olaraq «özəlləşdirən» Mahir Mirzəyev rayonda küllü ixtiyar sahibinə çevrilib. Yuxarıda adını çəkdiyimiz filmdəki məşhur ifadəni improvizə etsək belə alınar: “Sevindik Hətəmov oturub Qarabağlarda, küllü-ixtiyarı da verib Qəmloya…”
Mətbuatda yayılmış məlumatlarda da iddia olunur ki, Mahir Mirzəyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 70 minlik əhalisi olan Yardımlı rayonunda mütəşəkkil şəbəkə yaradıb və bu şəbəkəninin əsas fiqurantları məhz onun qohumlarıdır. Məhz bu şəbəkə sayəsində Mahir Mirzəyev rayonun bütün sosial-iqtisadi sahələrini, həmçinin hüquq mühafizə orqanlarını, büdcə təşkilatlarını öz qohumları vasitəsi ilə nəzarətdə saxlayır. Elə bu üzdən də rayona təyinat alan icra başçıları sözsüz Mahir Mirzəyevin dedikləri ilə oturub-durur və onun yaratdığı korrupsiya sisteminin parçasına çevrilirlər. Daha doğrusu Mahir Mirzəyev icra başçılarının «payını» verir və onlar da rayonun bütün səlahiyyətini Mahir Mirzəyevin ixtiyarına buraxaraq, onun özbaşınalıqlarını, korrupsioner fəaliyyətini və əhaliyə etdiyi zülmləri sakitcə seyr edirlər.
Elə bunun nəticəsidir ki, Mahir Mirzəyev özü üçün olduqca dəbdəbəli həyat şərtləri yarada bilib. Bu baxımdan aylıq maaşı 600 manat olan Mahir Mirzəyevin nələrə sahib olması hamını çaşdırar. İddaya əsasən Mahir Mirzəyevin dünya varından heç bir şeyi əskik deyil. Xaricdə evləri, Bakıda villaları, Cənub bölgəsində istirahət mərkəzləri, çoxlu sayda müxtəlif texnikaları, (həmin texnikalar hətta Bakıda belə icarəyə verilib), ticarət obeyktləri, Bakıda yeni tikilmiş binalarda çoxsaylı evləri, bir çox şirkətləri, 1000 hektara qədər torpaq sahəsi, çoxlu sayda heyvandarlıq kompleksləri və s.
Qeyd edək ki, Mahir Mirzəyev Cənub bölgəsində «10 manatlıq MMC-lər kralı» kimi ad çıxarıb. 2006-cı ildən vəzifə başında olan Mahir Mirzəyev indiyə kimi xeyli sayda şirkət qeydiyyatdan keçirib. O bu günə kimi tender yolu ilə keçirilən bütün proseslərə nəzarət edir. Elə buna görədir ki, bu məqsədlə ayrılmış pullar yalnız onun şirkətlərinə axır. Mahir Mirzəyevin indiyə qədər açıb bağladığı şirkətlərin adlarının hamısı açıqlansa, o zaman bir çox qaranlıqların üzərinə işıq düşər.
Mənbəninin sözlərinə görə indiyə qədər Mahir Mirzəyev 6 saylı Regional Vergilər İdarəsində işləyən yaxın dostu və şəriki İqbal Rzayevin səyi nəticəsində 10-larla kiçik müəssisələr yaradıb, dövlət vəsaitlərini həmin MMC-lər vasitəsi ilə nəqdləşdirdikdən sonra bu MMC-lər sadəcə yoxa çıxıb. Həmin MMC-lər vasitəsilə Mahir Mirzəyev 10 ilə yaxındır ki, rayon büdcəsini «təmizləyir». Həmin müəssisələr isə bir qayda olaraq Vergilər İdarəsi tərəfindən yoxlanılmır. Çünki İqbal Rzayev bunun qarşısını alır. Bir müddətdən sonra isə həmin MMC-lər bağlanır və bu müəssisələri arayıb-axtaran olmur.
Mahir Mirzəyevin indiyə qədər işlədib, sonra da vergidən yayınmaq üçün ləğv etdiyi şirkətlərin siyahısına «Bəhruz», «Deman», «Savalan 2008», «Səbuhi», «Naxis», «Veteran», «Caspian Fruit Co», «Amid», «Habil», «Rəşad» və «Qadir 1960» daxildir. Adını çəkdiyimiz bu şirkətlər fəaliyyətlərini dayandırıb. Mahir Mirzəyev və Sevindik Hətəmov isə hazırda bəzi tender əməliyyatlarını yeni yaratdıqları digər MMC-lər vasitəsilə həyata keçirir.
Belə bir şəraitdə, bütün sahələrin rayon rəhbərliyi tərəfindən monopoliyaya alındığı vəziyyətdə isə yerli sahibkarlığın inkişafından danışmağın özü belə absurddur. Hər halda görünən odur ki, ölkə prezidenti ilham Əliyevin yerli icra başçılarına xitabən “sahibkarlığın inkişafına dəstək verilməlidir” cümləsi Yardımlıda eşidilməz olub. Çünki, bura Yardımlıdır və “Qəmlo” bu dağlarda öz qanunlarını işlədir. /Savash.org
www.yenicag.az