Yaxın Şərqdə "qalib" yoxdur: Regionda rəqabət aparan paralel təsir dairələri formalaşır
“Yaxın Şərqdə sabit güc mərkəzi deyil, rəqabət aparan paralel təsir dairələri formalaşacaq”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

Politoloq hazırda regionda davam edən münaqişələrdən sonra Yaxın Şərqdə formalaşacaq status-kvo haqqında danışıb və bildirib ki, müharibədə tam qələbə heç bir tərəf üçün real görünmür:
“Yaxın Şərqdə İran–ABŞ müharibəsindən sonra formalaşacaq status-kvo klassik “qalib–məğlub” modeli üzərində qurulmayacaq, daha çox parçalanmış və çoxqütblü təhlükəsizlik mühiti ilə xarakterizə olunacaq. Regionda hərbi qarşıdurma zəifləsə belə, onun yaratdığı güc boşluqları və yeni təsir zonaları uzun müddət qalacaq. İran öz təsirini əsasən qeyri-dövlət aktorları və regional şəbəkələr üzərindən qorumağa çalışacaq, ABŞ isə hərbi mövcudluq və təhlükəsizlik alyansları vasitəsilə balans yaratmağa üstünlük verəcək. Bu fonda İsrailin təhlükəsizlik prioritetləri daha da sərtləşəcək və preventiv strategiyalar ön plana çıxacaq. Nəticədə Yaxın Şərqdə sabit və vahid güc mərkəzi deyil, rəqabət aparan paralel təsir dairələri formalaşacaq”.
Z. Qarayeva qeyd edib ki, ABŞ hər nə qədər çalışsa da, İranı tam sıradan çıxarmağı bacarmadı və regiondakı dominantlıq planları tam baş tutmadı:
“Dominantlıq məsələsinə gəldikdə isə yaxın perspektivdə heç bir tərəfin tam üstünlük əldə etməsi real görünmür. ABŞ və İsrail texnoloji və hərbi baxımdan üstün mövqedə qalsalar da, İranın regiondakı ideoloji və geosiyasi dayaqları onu tam şəkildə sıxışdırmağa imkan vermir. İranın zəiflədiyi ssenaridə belə, onun təsir etdiyi münaqişə ocaqları və regional oyunçular vasitəsilə dolayısı təsir imkanları qalacaq. Digər tərəfdən, ABŞ üçün də regionda uzunmüddətli dominantlıq artıq əvvəlki qədər asan deyil, çünki həm yerli aktorlar, həm də qlobal güclər bu balansı dəyişməyə çalışır. Bu baxımdan, yaxın gələcəkdə Yaxın Şərqdə tək dominant güc yox, qarşılıqlı məhdudlaşdırma üzərində qurulan rəqabətli balansın mövcud olacağı daha real ssenari kimi görünür”.
Nurlan Cəfəri













