Bu gün “Park İnn” otelində “Yeni Müsavat” Media Qrupunun 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdə rəsmi şəxslər, millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər, media və QHT rəhbərləri, nüfuzlu ekspertlər və jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu qonaqları salamlayaraq, bu özəl tarixi günə həsr olunmuş tədbirə qatıldıqları üçün onlara təşəkkürünü bildirib.
O, qəzetin yarandığı dövrü, keçdiyi tarixi yolu tədbir iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, 30 il öncə xalqımız azadlığı və torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qalxmışdı və o dövrlərdə yaranan “Yeni Müsavat” qəzeti milli-azadlıq hərəkatı dalğasında yaranan və mövcudluğunu hələ də davam etdirən ən uğurlu layihələrindən biridir:
“Azərbaycan xalqı möhtəşəm bir özünütəşkil prosesi yaşayırdı. Azadlıq Meydanında, xalq hərəkatının gedişində Azərbaycan Xalq Cəbhəsi quruldu, elə buradaca könüllü özünümüdafiə dəstələri yarandı və milli mətbuatın ilk qaranquşları da Meydan hərəkatında ortaya çıxdı.
30 il sonra məmnunluqla bildirirəm ki, bu işin öhdəsindən gələ bilmişəm və bu günə kimi zamanın, dövrün təlatümlərinə dözərək fəaliyyətimizi davam etdirirk. Biz öz hekayəmizi tarixə və oxucuya anlatmaqda davam edəcəyik”.
Rauf Arifoğlu “Yeni Müsavat”ın yeni media sahəsində imza atdığı uğurlardan bəhs edərək, rəhbərlik etdiyi Media Qrupuna daxil olan saytlar barədə də məlumat verib:
“Bu gün gəldiyimiz nöqtə bir zamanlar xəyal edə bilməyəcəyimiz nəticələrlə zəngindir. “Yeni Müsavat” qəzeti artıq bir Media Qrup şəklində fəaliyyət göstərir’’.
Daha sonra qəzetin 30 illik tarixini əks etdirən “Yeni Müsavat 30: Bir qəzetin tarixi” adlı sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, “Yeni Müsavat” qəzeti “Yeni Müsavat” Media Qrupuna aid print media orqanıdır. Bu qəzetin ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub. Qəzetin qurucusu indiki baş redaktor və “Yeni Müsavat” Media Qrupunun sahibi Rauf Arifoğludur.
“Yeni Müsavat” qəzeti ilk illər gizli fəaliyyət göstərib, kommunist Sovet rejiminə qarşı yaradılan Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı olub. 1991-ci ilin dekabrında, Azərbaycan müstəqilliyini qazanandan sonra gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb.
1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı öz üzərinə götürüb. 16 il 8 aydan sonra – 2009-cu ilin noyabrında o, qəzetin 20 illik yubileyi münasibəti ilə təsisçiliyi Rauf Arifoğluna qaytarıb. Bütün formallıqlar həll edildikdən sonra, 26 noyabr 2009-cu ildən başlayaraq qəzet Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görməyə başlayıb. Bu günədək qəzetin 7400-dən yuxarı sayı işıq üzü görüb.
“Yeni Müsavat”, Azərbaycanda həftədə 6 dəfə dərc olunan yeganə qəzetdir. “Yeni Müsavat” Media Qrupuna aid olan KİV-lər bunlardır: www.musavat.com, www.minval.az (rus), tr.minval.az (Anadolu türkcəsi), minval.info.
Bundan başqa, Media Qrupunun “YouTube” platformasında 75 min abunəsi olan internet televiziyası “TV Musavat”, Facebook platformasında isə rus və Azərbaycan dilli auditoriyalara xitab edən böyük səhifələri var: 141 min təqibçisi olan “Yeni Müsavat Qəzeti”, 60 min təqibçisi olan “Minval.az” və 21 min təqibçisi olan “Minval.info” səhifələri… Dövriyyəsinə, tirajına və əhatəsinə görə “Yeni Müsavat” Media Qrupu Azərbaycanın əsas media təsisatlarındandır.
www.yenicag.az