Yeni təhsil naziri kim olacaq? – Vurğun Əyyub cavab verir

“Cəmiyyətin seçkilərə yönələn inamsızlığı siyasi partiyalara da sirayət edir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə müşahidə olunan son prosesləri dəyərləndirən keçmiş TQDK-nın ilk rəhbəri Vurğun Əyyub deyib.

Onun fikrincə, son nazir əvəzləmələri, seçki qanunvericiliyinin dəyişdirilməsi təşəbbüsü və digər addımlar gözlənilən prezident seçkilərinə hazırlıq kimi qiymətləndirilə bilər:

“Maraqlıdır ki, media bu məsələləri artıq qanun qüvvəsinə minmiş məsələlər kimi təqdim edir. Növbədənkənar prezident seçkiləri məsələsi deputat Zahid Oruc tərəfindən irəli sürülmüş təklifdir. İndi deyə bilərlər ki, Zahid Orucun bu məsələdə söylədikləri onun öz sözü deyil. Ola bilər… Mən bütün bu baş verənləri 2018-ci il prezident seçkilərinə hazırlığın tərkib hissəsi kimi qiymətləndirirəm.

Təəssüf ki, ölkədə demokratik mühitin getdikcə daraldığı müşahidə olunmaqdadır. Bu da hakimiyyətin öz planlarını rahatlıqla həyata keçirtmək məqsədindən irəli gəlir. Bilirik ki, seçkilərin taleyi seçki məntəqələrindən və səslərin sayılmasından asılı olur. O baxımdan, seçkilərlə bağlı digər məqamlar hakimiyyət üçün maraqlı deyil”.

Vurğun Əyyub hazırda vakant olan təhsil naziri postuna gətiriləcək şəxsin də seçki kontekstində seçiləcəyi qənaətindədir:

“Yeni təhsil nazirinin kimliyi media və sosial şəbəkələrdəki arzular silsiləsindən olan təkliflərlə ifadə olunur. Ancaq bu vəzifəyə hələ ki, təyinat yoxdur. Nəzərə alaq ki, Təhsil Nazirliyi ölkədə ən geniş şəbəkəyə malik olan dövlət qurumudur.

Çünki ən ucqar kəndlərdə də məktəblər və müəllimlər var. Seçkilərin keçirilməsində məktəblərin və müəllimlərin rolunu nəzərə alsaq, güman edirəm ki, yeni təhsil naziri hakimiyyətə yaxınlığı ilə seçilən, seçki prosesinə rəhbərlik etmək bacarığına malik şəxslərdən biri olacaq”.

Həmsöhbətimiz ölkə müxalifətinin fəaliyyətsizliyini mövcud şəraitlə əlaqələndirərək, vəziyyətin dəyişə bilmək ehtimalının olduğunu bildirib:

“Cəmiyyətin seçkilərə yönəlik inamsızlığı siyasi partiyalara da sirayət edir və bu, çox üzücü bir haldır. Əslində, siyasi qüvvələrin fəaliyyəti üçün meydan o qədər daraldılıb ki, onlar sadəcə olaraq, prosesləri izləmək və baş verənlərə münasibət bildirməklə məşğuldurlar. Ancaq məşhur bir deyim var ki, “heç vaxt “heç vaxt”” demə. Yəni gələcəkdə nələr olacağını proqnozlaşdırmaq çətindir”.

A. Zeynalov