“Sahibkarlığa dəstək və biznes mühitinin inkişafı məqsədi ilə müxtəlif təyinatlı torpaqlarda, xüsusi qorunan ərazilərdə xidmət haqqının təxminən 80 faiz azaldılması əks olunub”.
Bu sözləri Azərbaycanda torpaq sahələrinin planı və ölçüsünün hazırlanması üzrə təyin edilən yeni xidmət tariflərini dəyərləndirən iqtisadçı ekspert Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, kənd təsərrüfatı fəaliyyətinin stimullaşdırılması baxımından bu istiqamətdə xidmət haqqı 70 faiz azaldılıb:
“Daşınmaz əmlak sahəsində idarəçilik sisteminin yenilənərək xidmət və keyfiyyətin yüksəldilməsi məqsədilə bir sıra dəyişikliklər həyata keçirilib. Burada mövcud tariflərin sayında dəyişiklik edilib. Belə ki, tariflərdən 19-u ləğv edilərək 60-a endirilib.
Ümumilikdə 29 tarif tətbiq edilmədiyinə görə aradan qaldırılıb. 5 tarif alt qruplarda aktivləşdirilib. Eyni zamanda digər istiqamətlərdə 9 xidmət üzrə 14 tarif formalaşdırılıb. Nəticədə bir çox istiqamətlərdə yeniliklər əldə edilib.
Yeni tariflərdə bir sıra güzəştlər nəzərdə tutulur. Bu həssas qruplara şəhid ailələri, müharibə iştirakçıları və hərbi əməliyyatlarda ağır xəsarət almış hərbi qulluqçular aiddir. Onlara məxsus və işğaldan azad edilmiş ərazilərdəki daşınmaz əmlaklarda xidmət haqlarına 50 faiz güzəşt tətbiq edilir.
Bununla yanaşı kənd təsərrüfatı, sənaye, nəqliyyat və digər təyinatlı torpaqlar üzrə, o cümlədən çoxmənzilli yaşayış binalarının inventarlaşlaşdırılması üzrə tariflər azaldılıb. Eləcə də bu azalmaları sahibkarlıq subyektlərinə münasibətdə də görə bilərik.
Sahibkarlığa dəstək və biznes mühitinin inkişafı məqsədi ilə müxtəlif təyinatlı torpaqlarda – su fondu, rabitə, nəqliyyat, müdafiə və bu kimi digər xüsusi qorunan ərazilərdə xidmət haqqının təxminən 80 faiz azaldılması əks olunub.
Kənd təsərrüfatı fəaliyyətinin bir növ stimullaşdırılması baxımından məhz bu torpaqlarda xidmət haqqı təxminən 70 faiz azaldılıb.
Bütün bunlar bilavasitə zamanın tələbinə uyğun olaraq xidmətin yaxşılaşdırılmasında yeni texnoloji tətbiqlər vasitəsilə, eyni zamanda fəaliyyətlərin stimullaşdırılması məqsədinə uyğun həyata keçirilir.
Bir vacib məqam kimi bunu qeyd etmək istərdim ki, əvvəlki dövrlərlə müqayisədə hazırda dövlət əmlak xidmətinin fəaliyyəti kifayət qədər təkmilləşdirilib və xidmət səviyyəsi də xeyli dərəcədə yüksəlib”.
Yusif Səmədzadə
www.yenicag.az