Yeni zavodlar işə salınır-Video
Dövlət Neft Şirkəti yeni neft-qaz emalı və kimya kompleksinin tikintisi üçün tender elan etməyə hazırlaşır.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu barədə kompleksin Marketinq və Logistika bölməsinin rəhbəri Ruslan Lətifov məlumat verib. O deyib ki, artıq potensial şirkətlər məlumdur və kompleks 3 mərhələdə inşa ediləcək. İlkin mərhələdə qaz emalı və kimya zavodları işə düşəcək. Bakıdan 70 kilometr cənub-şərqdə yerləşəcək bu kompleksin işçiləri üçün Çıraq adlı yaşayış kompleksi də tikiləcək.
Ruslan Lətifov həmçinin onu da deyib ki, tikinti işlərinin yekunlaşması və müəssisələrin işə salınması 2022-ci ilə planlaşdırılır. Nəzərə almaq lazımdır ki, qaz emalı və kimya zavodları eyni vaxtda işə salınmalıdır. Çünki qaz emalı müəssisəsinin məhsulu kimya zavodları üçün xammal olacaq. Bu iki müəssisənin tikintisi təxminən 7 milyard dollara başa gələcək. O bildirib ki, bunun üzərinə götürülən kreditlərin faizini də əlavə etsək ümumi məbləğ 8,5 milyard dollar edir.