Yer kürəsinin nüvəsindən qızıl axır – Heyrətamiz kəşf
Alimlər Havay adalarındakı vulkanik süxurların ilk dəfə aparılan təhlili nəticəsində Yer kürəsinin nüvəsindən qızıl və digər qiymətli metalların səthə axdığını müəyyən ediblər. Bu kəşf, geologiya elmi üçün əhəmiyyətli bir mərhələ sayılır.
Yenicag.az bu barədə “Independent” jurnalına istinadən xəbər verir.
Alimlər qeyd edir ki, Yer səthindəki bütün qızıl və digər qiymətli metallardan 99,99 faizdən çoxu 3000 kilometr dərinlikdə, Yer kürəsinin metal nüvəsində yerləşir və insan üçün əlçatmazdır. Bu metallar, planet 4,5 milyard il əvvəl formalaşarkən nüvədə kilidlənmişdi.
Yeni araşdırmalar göstərib ki, Havay adalarındakı bazalt vulkan süxurlarında mantiyaya nisbətən qat-qat çox qiymətli metal var. Araşdırmanın həmmüəllifi, Gettingen Universitetindən Nils Messlinq bildirib: “Məlumatlarımız sübut edir ki, nüvədən – o cümlədən qızıl və digər qiymətli metallar daxil olmaqla – material mantiyaya doğru sızır. İlk nəticələri gördükdə anladıq ki, sözün əsl mənasında qızıl tapmışıq!”.
Bu nəticələr Yer kürəsinin nüvəsinin əvvəllər güman olunduğu qədər təcrid olunmadığını göstərir. Bir zamanlar əlçatmaz sayılan nüvədən materiallar vulkan püskürmələri vasitəsilə səthə çıxır və bu sızmalar sayəsində gələcəkdə daha dərindən öyrənilə bilər.
Tədqiqat göstərir ki, nüvə ilə mantiyanın sərhədindən hərəkətə keçən yüzlərlə kvadrilyon metrik ton həddindən artıq qızdırılmış material Yer səthinə qalxaraq Havay adaları kimi okean adalarını formalaşdırır.
Bu həm də o deməkdir ki, Yer üzündəki qızıl və digər qiymətli metallardan ən azı bir hissəsi birbaşa nüvədən gəlir.
Bununla yanaşı, İsveçrənin Sürix şəhərindəki Geodeziya və Fotogrammetriya İnstitutunun alimləri xəbərdarlıq edirlər ki, Yer kürəsinin fırlanma oxu da dəyişməkdədir. Onlar bildirirlər ki, 1900–2100-cü illər arasında bu ox təxminən 27 metr dəyişə bilər və bu dəyişiklik Qrenlandiya və Antarktidada buzlaqların əriməsi ilə əlaqələndirilir. Alimlərə görə, buz qalxanlarının əriməsi artıq bu gün Yer kürəsinin fırlanmasını dəyişməyə başlayıb./Qafqazinfo/