“Yerkrapa” sərhəddə FƏALLAŞDI: “Paşinyan silahlı qüvvələri nəzarətdə saxlaya bilmir”
“Ermənistanın Baş naziri Nikol Paşinyan daxili ziddiyyətlər yaşayan bir şəxsdir. Onun peşəkar keçmişi jurnalistikadır və o, erməni əhalisinin ehtiyaclarını anlayır, eləcə də sülhün, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının və regionun gələcəyində iştirakın yeganə yol olduğunu dərk edir”.
Bunu Yenicag.az-a açıqlamasında britaniyalı siyasi təhlilçi Neil Uotson deyib.
Analitik Ermənistandakı terrorçu “Yerkrapa” təşkilatının üzvlərinin şərti sərhəddə mövqelənməsindən sonra Paşinyan hökumətinin daxildəki revanşistlərlə bacara bilməməsinin siyasi səbəblərini analiz edib.
N. Uotson əmindir ki, N. Paşinyan sülh siyasətinə dəstək vermək üçün Ermənistandakı və erməni diasporundakı revanşistləri birləşdirməkdə açıq-aşkar uğursuz olub:
“Bundan əlavə, xarici qüvvələr, xüsusilə Rusiya Ermənistana təsir göstərir və revanşistlərə ümid verir ki, əgər Ukraynada müəyyən dərəcədə Rusiya uğur qazanarsa, gələcəkdə Rusiyanın Ermənistana dəstək verəcəyi ilə bağlı yeni bir ümid ola bilər. Üstəlik, Paşinyanın çıxışları da hansı auditoriyaya ünvanlandığından asılı olaraq, ziddiyyətlidir və heç də faydalı deyil. O, bir an sülhü dəstəklədiyini, Ermənistan Konstitusiyasındakı “Miatsum” müddəalarının dəyişdirilməsini istədiyini deyir, digər anda isə tamamilə fərqli fikirlər səsləndirir. O, qərarsız bir siyasətçidir; nə ardıcıl siyasət aparmağı, nə də əhalisini və silahlı qüvvələri nəzarətdə saxlamağı bacarır”.
Rafi Müslümov