“Düşdüyümüz vəziyyətə obyektiv münasibət bildirən şəxsləri telekanalara dəvət etmək lazımdır”.
Yenicag.az xəbər verir ki, bu fikirləri ölkədə koronavirus təhlükəsinə qarşı görülən tədbirləri dəyərləndirən Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib.
Arzuxan Əlizadənin fikrincə, indiki halda əsas diqqət əhalini koronavirus infeksiyasının yaratdığı təhlükənin ciddiliyinə inandırmaqdır:
“Ölkədə koronavirusa yoluxma sayı gün-gündən artır. Bu baş verənlərin fonunda bir çoxlarının hələ də koronavirusun mövcudluğuna inanmaması yalnız acı təəssüf doğurur.
Görünür, bir çoxları yaxın çevrəsində bu amansız virusa yoluxanların olduğunu görməyincə, vəziyyətin ciddiliyini dərk etməyəcəklər. Əslində, problemin bu həddə çatmasında virusla mübarizəyə dair təbliğatın yetərli səviyyədə aparılmamasının da təsiri var. Bütün təbliğat “virusa yoluxmamaq üçün nələri etmək lazımdır?” mövzusuna yönəlməlidir.
Düşdüyümüz vəziyyətə obyektiv münasibət bildirən şəxsləri telekanalara dəvət edərək, onları danışdırmağa ehtiyac var. İnsanları inandırmaq lazımdır ki, özlərini və yaxınlarını qorumaq üçün nə tələb olunursa, onlara qeyd-şərtsiz əməl etsinlər”.
Partiya sədri hesab edir ki, mövcud vəziyyətdə hökumət bütün zəruri addımları vaxtında atmalıdır:
“Hökumət öz səlahiyyətlərindən istifadə edərək təcili surətdə həm təbliğat işini düzgün təşkil etməli, həm də təşkilati məsələləri bilavasitə yoluna qoyaraq, tabeliyindəki qurumlar arasında effektli iş bölgüsü aparmalıdır. Hətta ehtiyac varsa, xaricdən mütəxəssislər dəvət olunmalıdır. Söhbət insanlarımızın həyatından gedirsə, bu işdə hər dəqiqə qiymətlidir və heç bir halda gecikmək olmaz.
Artıq xəstəxanalarda yer çatışmazlığı var. Bu səbəbdən, xəstələrin çoxu stasionar müalicəyə götürülmür və evdə müalicə almalı olurlar. Xəstəxanalarda həkimlərimiz fədakarcasına mübarizə aparırlar. Bir çoxları günlərlə, həftələrlə evinə, ailəsinə getmədən xəstələrin sağlamlığının keşiyində dayanırlar. Bu günlərdə bir neçə həkim də virusdan dünyasını dəyişib. Bu vəziyyət davam edərsə, həkim çatışmazlığı ilə də üzləşə bilərik. Ona görə də məsuliyyətli olmalı, özümüzü və yaxınlarımızı bu təhlükədən qorumalıyıq”.
Gülşən Şərif
www.yenicag.az