Bu gündən “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.
Yenicag.az xəbər verir ki, müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21-51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. İdarəetmə təcrübəsi dedikdə, mülkiyyət formasından asılı olmayaraq işlədiyi qurumda rəhbərlik mövqeyində praktiki təcrübəyə malik, bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların və dirgərlərin idarə olunması nəzərdə tutulur.
Müsabiqənin yekunlarına əsasən, qalib elan edilmiş 20 iştirakçıya müvafiq təlim proqramından keçmək üçün 20 min manat məbləğində qrant təqdim olunacaq. Bundan başqa, onlar idarəedici kadr heyətinin inkişafına dair proqramlara və İdarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulmaq imkanı qazanacaqlar. Qaliblərin adları yaradılacaq kadr ehtiyatı bankına daxil ediləcək.
Müsabiqə Qeydiyyat, Onlayn seçim, Əyani seçim, Yarımfinal və Finaldan ibarət olmaqla 5 mərhələdə keçiriləcək. Qeydiyyat mərhələsində müsabiqədə iştirak etmək hüququna malik olan şəxslər www.yukselish.az rəsmi internet səhifəsində Şəxsi Kabinet yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat 2 fevral 2020-ci il saat 18.00-dək davam edəcək.
Onlayn seçim mərhələsində qeydiyyat mərhələsini uğurla başa vuran bütün iştirakçılar iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların tələb olunan intellektual biliklərə sahib olması, idarəçi olmaq üçün lazımi potensialları əhatə edən şəxsi keyfiyyətləri qiymətləndirilir. Onlayn test tapşırıqları iki hissəyə bölünməklə ümumi biliklər (Azərbaycan dili və ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, hüquq və iqtisadiyyat) və qabiliyyət testləri (verbal və rəqəmsal məlumatların təhlili, mücərrəd düşüncə) formatında keçiriləcək.
Onlayn seçim bitdikdən sonra müvafiq video müraciəti Şəxsi Kabinetdə yerləşdirmiş iştirakçı Əyani mərhələdə iştirak hüququ qazanır. Bu mərhələdə iştirakçıların ümumi erudisiyaları ilə yanaşı, sosial intellekti, düşüncə sürəti və danışıq qabiliyyətləri də yoxlanılır. İştirakçılar daha öncədən təyin olunan ünvana gələrək, sözügedən mərhələdə əyani şəkildə iştirak edirlər.
Üçüncü mərhələdən uğurla keçən iştirakçılar yarımfinal mərhələsində iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların idarəetmə, komanda və fərdi şəkildə işləmək bacarıqları məşğələ və tapşırıq üsulu ilə yoxlanılacaq. İştirakçılar üçün fərdi inkişaf planının hazırlanması məqsədilə iştirakçılar ekspertlərin, insan resursları üzrə mütəxəssislərin və öz sahəsində peşəkar sayılan insanlar tərəfindən müsahibə olunacaq.
Nəhayət, yarımfinal mərhələsindən uğurla keçən iştirakçılar final mərhələsinə vəsiqə qazanırlar. Final mərhələsi çərçivəsində keçirilən tədbirlərdə iştirakçıların idarəetmə bacarıqları xüsusi tapşırıqların (işgüzar oyunlar, sosial layihələr və onların həlli, eskpertlərlə iş, müsahibələr) köməyi ilə qiymətləndirilir. Bu mərhələdə iştirakçılar İdarəçi rəhbərlərlə görüşəcək, onlarla birgə işgüzar müzakirələr, dəyirmi masalar təşkil olunacaq. Qaliblər müsabiqə bitdikdən sonra İdarəçi rəhbərlərlə fərdi inkişaf proqramı çərçivəsində birbaşa işləmək imkanı əldə edəcəklər.
İştirakçıların yüksək intellektual zəka, qərar qəbuletmə, işin bölüşdürülməsi, risk və böhranın idarə edilməsi, diqqəti nəticələrə yönəltmək, strateji düşünmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin tətbiqi, innovativliklərin tətbiqi, büdcənin idarəedilməsi, sosial məsuliyyət kimi kompetensiyaları qiymətləndiriləcək.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib. Müsabiqənin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi də yaradılıb. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.
www.yenicag.az