Yunanıstan Ukraynaya qoşun göndərmək üçün bu şərtləri irəli sürdü
Yunanıstan Ukraynada beynəlxalq qüvvələrin tərkibində iştirak etməyə yalnız üç şərt daxilində razıdır: atəşkəs razılaşmasının imzalanması, Yunanıstan qoşunlarının Rusiya ərazisinə yerləşdirilməməsi və döyüşlər bərpa olunacağı təqdirdə aydın çıxış strategiyasının olması.
Yenicag.az xəbər verir ki, bu barədə Yunanıstanın “Ekathimerini” nəşri məlumat yayıb.
Qəzet yazır ki, Baş nazir Kiriakos Mitsotakis martın 27-də Parisdə keçirilən “qətiyyətli koalisiya” sammitində bu şərtləri bir daha təsdiqləmək niyyətindədir. Rəsmi Afina açıq şəkildə bəyan edib ki, Yunanıstanın hər hansı iştirakı yalnız rəsmi atəşkəsdən sonra mümkün olacaq. Bununla yanaşı, Yunanıstan qoşunları Rusiya ərazisində əməliyyat keçirməyəcək və Moskva atəşkəsi pozacağı halda, dərhal geri çəkiləcək.
Bəzi Avropa ölkələri Avropa İttifaqı (Aİ) missiyası çərçivəsində Ukraynada qoşun yerləşdirməyi nəzərdən keçirsə də, Rusiya və Macarıstanın bu təklifə qarşı çıxması belə bir ehtimalın reallaşmasını çətinləşdirir. Yunanıstan isə BMT-nin nəzarəti altında həyata keçiriləcək əməliyyatın daha böyük beynəlxalq legitimlik qazandıracağına inanır.
Əgər missiya gerçəkləşərsə, Yunanıstanın rolu hələ ki qeyri-müəyyən olaraq qalır. Afina qoşunlarını Ukraynada quru əməliyyatlarına cəlb etmək və ya Qara dənizdə patrulluq missiyasına qoşulmaq kimi iki variant üzərində düşünür. Lakin sonuncu variantın mümkünlüyü hələ də aydın deyil, xüsusilə də Türkiyənin dəniz patrulluq qüvvələrinə komandanlıq etmək təklifi qəbul olunarsa…
KİV-in məlumatına görə, rəsmi Afina Ukraynaya dəstəyini milli təhlükəsizlik maraqları ilə tarazlaşdıraraq ehtiyatlı mövqe sərgiləyir. NATO-dan fərqli olaraq, bu missiyada iştirak etmək Yunanıstan qoşunlarına kollektiv müdafiə zəmanəti vermir ki, bu da mümkün itkilərlə bağlı narahatlıqlara səbəb olur.
Qeyd edək ki, martın 27-də Parisdə dövlət başçılarının görüşü Ukraynaya dəstək, Rusiyanın təcavüzünün qarşısını almaq və ədalətli sülhün əldə olunması məsələlərinin müzakirəsi məqsədilə başlayıb.
Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi “qətiyyətli koalisiya” son həftələr ərzində Ukraynaya minlərlə hərbçi göndərmək planı üzərində işləyir. Lakin Avropa diplomatik dairələrinin məlumatına görə, logistika problemləri, qoşun çatışmazlığı, Rusiyanın mümkün müqaviməti və ABŞ-nin təhlükəsizlik zəmanətlərinin olmaması səbəbindən bu planın reallaşmasına dair şübhələr artır.