Zahid ORUC: Şokoladdan kral olmur
Ukrayna cəmi 1 yaş yarımlıq parlamentdən vaxtından tez xilas olmaqla sübut etdi ki,keçmiş sovet respublikaları içərisində ən təminatlı ölkələrdən birinin əhalisi nəinki dərin dövlətçilik böhranı,eləcə də fikir və ideya qeyri-sabitliyindən əziyyət çəkir.Belə qısa zaman kəsiyində seçicinin mənəvi və maddi tələbatının kəskin dəyişdiyinə inanmaq çətindir,lakin son 23 ildə üzərində bütün siyasi təcrübələr aparılmış bir millətin daha nə qədər inqilabi potensialının qaldığını artıq əminliklə söyləmək olar.Vaxtilə eyforiya içərisində meydanlara şam daşıyanlar indi dağılmış büdcə ilə,itirilmiş Vətən torpaqlarıyla,parçalanmış xalqla və məğlub ordu ilə ümidsizlik girdabına yuvarlanıblar. Taleyi əlində olmayanların hamısının aqibəti belə qurtarır. Bir tərəfdə yeni robespyerlərin qələbə paradı,atəşfəşanlıq səhnəlıri və bölüşdürülən hakimiyyət tortu,digər tərəfdə isə kasıb daxmasına çəkilərək hamını boykot etmiş küskün proletar kütlə.
Cəmi 52 faiz seçicinin iradəsinə söykənən yeni Rada çox keçməz ki,indi sükut keçirən və taleyinə kənardan tamaşa edən digər yarımxalqın qəzəbi ilə üzbəüz qalacaq.Yarımxalqın Yarımparlamenti.Nəinki seçkilərin keçirilmədiyi 27 dairədən,deməli 27 deputatdan,eləcə də Şərq regonlarında 70 faizlik səsdən məhrum olunmuş bir parlament ölkənin vahidliyinin mücəssiməsi sayıla bilməz.
Təxminən iki yüz il əvvəl Gilyotinanı dünyaya bəxş etmiş Fransa və Napaleonun imperiya quruculuğu müasir Kiyevlə müqayisədə daha humanist görünür.Burada yerə enən başlar təkcə qaçqın prezident Yanukoviç və onun korrupsioner tərəfdarlarına məxsus deyil,eləcə də bütün 70 illik sovet-kommunist irsindən və qeyri-milli tarixinin izlərindən xilas olmağa çalışan Maydan iqtidarının ilk baxışda islahatçı,əslində isə qanlı,revanşist planlarının gətirdiyi qurbanlardır.Artıq bütün hakimiyyətə yiyələnən avrosentristlərin ölkəni dartıb aparacağı istiqamət nəinki tarixin gedişini dəyişmək cəhdidir,eləcə də ən azı bir milyon insanı linç etmək,siyasi “dar ağacları”ndan keçirməklə müşaiyət olunacaq məzhun gələcəkdir.
Qeyd etdiyimiz kimi,35.7 milyon seçicinin yarısı başı üzərində oynanılan tamaşadan qıraqda dayanıb və bunu kimsə oturuşmuş demokratiyalarla eyniləşdirə bilməz. Hə,İspaniyada,yaxud İtaliyada cəmi 26 faizlik siyasi azlığın iradəsi hakimiyyətin dayanıqlığına tam zəmanət verə bilər,ancaq orada fors-major situasiyası yarananda çox tezliklə eloktoral bazanı səfərbər edib böhranı aradan qaldıra bilirlər.Ukraynada isə vəziyyət tamam başqadır.
Tutaq ki,Krım və Donbas fəhlələrinin birgə sayı ilə vətəndaş itaətsizliyi göstərənlər elədi 4.8 milyon.Bəs yerdə qalan 13 milyondan artıq insanın nə düşündüyündən xəbəri olan varmı?Sizcə onlar hansı “parlamenti” seçiblər və kim deyə bilər ki,Leninin “bolota” adlandırdığı o neytrallar günün birində indi Kiyevin baş meydanını tutanların yerində olmayacaqlar?
Hər halda Prezident növbədənkənar seçkilərə ona görə əl atmışdı ki,sistemi kökündən dəyişmək üçün Qərbin bütün yardımları qarşısında ən son maneələri aradan qaldırsın və parçalanmış xalqın birliyinə nail olsun.Lakin Poroşenkonun siyasi texnoloqları onu zərbə altında qoydular.O,başladığı partiyanı uduzdu.Cəmi 4 ay əvvəl inqilab çələngini boynuna taxan və hamıya növbətçi təbəssüm bağışlayan dövlət başçısının ölkədə lider olmadığı üzə çıxdı.Təkcə bu olsaydı,nə vardı ki!
Yenə də bizi sovet totalitarlığının yaratdığı ümumxalq məhəbbəti illüziyalarına qapılmaqda,”çəkindirmə və balans” formulu ilə işləyən Avropa demokratiyalarının burada da uğurla çalışacağına inanmamaqda suçlandırcaqlar.Lakin tələsməyin.Bizi kəsmək üçün çıxardığınız qılınc sonralar sizə lazım olacaq.
Poroşenko mayın 25-də 54 fazilə taxta çıxmışdı.Razılaşın ki,Krımı itirmiş və Şərqdə ağır hərbi döyüşlər verən bir xalqın fəallığı onda indikindən də aşağı idi,ancaq hamıda bir ümid vardı ki,”Şokolad kralı” ölkəni fəlakətdən xilas edəcək.Lakin siyasət çox amansız fenomendir və cəmi 4 aya artıq 30 fazilik reytinq itirilib.Vədlərin boş olduğunu belə tezliklə duyan insanlar onlara konfet kağızında sırınan zəhəri ödlərindən geri qaytarırlar.Prezident Amerika rəhbərlərinin seçkidən sonra yanvarın 20-sinə qədər ölkəni “axsaq ördək” kimi idarə etdiyi bir vəziyyətə düşüb.İnqilabi eyforiya dağıldıqca Kralın lüt olduğu üzə çıxıb və çox keçməz lüdoviki edam edənlərin öz başı kötüyün üstünə gələcəkdir.
Arsen Yatsenyuk qalib gəlib və indi Ukraynada ikihakimiyyətlilikdir.”Poroşenko Bloku”nun Baş Nazirdən az səs toplamaqla guya Qərbin növbəti diktatordan sığortalanmaq istəyini yerinə yetirdiyini söyləyən beynəlxalq ekspertlər açıq yalan danışırlar.Prezident bu marafona təkbaşına qatılaraq qanunverici orqanda tam üstünlüyə nail olacağını düşünürdü. Lakin gözləmədiyi əks nəticə alındı.Ona görə hazırda dövlət rəhbərinin dünyaya verdiyi mesajlar ağır məğlubiyyətin pərtliyini ört-basdır etmək üçündür.Ukrayna cəbhəçiləri indi sərbəst şəkildə hökuməti təşkil etmək üçün parlamentdə koalision ortaqlığı qura bilərlər.
6 partiyanın proporsional qaydada yer aldığı yeni “Roma Senatı”nın vitrininə hər çeşiddə və ağılda adam düşüb. Müharibəni səslərin qazanılmasında ən yaxşı tamaşaya çevirən və siyahılarını səhra komandirləri ilə bəzəyən bütün qalib partiya və bloklar indi kombatlara mülki dərslər keçməli olacaqlar.Təsəvvür edirsiniz deyilmi,üstündən avtomatları açıb barıt qoxusu ilə Radaya daxil olanlar ən bahalı fransız ətrinə bürünmüş həmkarlarını hansı baxış və əda ilə süzəcəklər. Yəqin hələ içərilərində səngərdən birbaşa dəbdəbəli sütunlu salonlara girib burada necə amansız siyasi döyüşlərin getdiyini görəndə təzədən cəbhəyə dönüb bütün əskərləri ilə birgə ora qayıdanlar da olacaq.Təxminən Misridəki kimi hərbi xuntanın hakimiyyəti ələ alması ssenarisi.
Ukraynanın Surət Hüseynovu isə nəinki yaroşların,yaxud lyaşkoların içindən çıxacaq,eləcə də qəbul olunan hər qanunda hərbi diktat elementi özünü göstərəcəkdir.Bizim cəbhəçilərin 92-ci il ssenarisi və hakimiyyəti küçədən idarə etmək taktikası 0n dəfə böyüdülmüş bir şəkildə Ukraynada təkraralanacaq. Keçmiş oliqarxiya,yaxud 17 yanvar faşist qanunu adlandırılan sənədə səs vermiş regionçuları isə indi zibil qutusuna deyil,elə birbaşa tarixə gömmək üçün Maydan inqilabçılarının tamamilə səlahiyyəti və imkanı yaranıb.
İnqilab öz meyvələrini dərir.Bütün faşist təmüyüllü sağçı qüvvələrin və Azadliq partiyası tərədarlarının,ölüm eskadronları və cəza qruplarının Radanın çölündə qalması o deməkdir ki,həmin marginal qruplar növbəti dəfə müxtəlif varlı və kriminal dairələrin əlində silaha çevriləcək.Yəni meydan boş qalmayacaq.Odur ki,yeni parlamentdən korrupsionerlərə qarşı mübarizə gözləyən milyonlarla insan bir də onda ayılacaq ki,onların seçdikləri varlıların qapısında nökərlik edənlər imiş.
Parlamentə təkbaşına mübarizə meydanından düşmüş Dmitri Yaroşla yanaşı,Poroşenkonun oğlu Aleksey,üç qardaş Viktor,Pavel,İvan Baloqilər və onların xalası oğlu Vasiliy Petyovka,81 yaşlı qocaman rekordsmen deputat Efim Zvyaqilskiy və başqa ekstraordinar şəxsiyyətlər də var.Yeni prezidentin gəlişindən sonra müxtəlif vilayətlərdə mühüm obyektləri ələ keçirən şəxslərdən bu adamların vasitəsilə ədalət məhkəməsi düzəltmək çətin işdir.Öz siyasi gələcəyini uduzmuş prezidenti isə xeyirxah çar kimi hamının qabağına çıxartmaq mümkün olmayacaq.Çünki real hakimiyyət Xalq Cəbhəsinə keçir.Şəxsiyyəti ilə çoxlarının güclü və sərt lider adlandırdıqları Yatsenyukun bir gün heç kəslə hesablaşmayacağı isə yalnız gün,ay və maxsimum il məsləsədir.
Lakin Ukraynaya pul lazımdır.Onu Avropanın verəcəyini düşünənlər yalnız sadəlövhlərdir.Rusiya isə Radadakı müxtəlif səbətlərdə yerləşdiridiyi yumurtaları indi saymağa başlayıb.Üstəlik,Donetsk və Luqanskın bir həft sonra keçiricəkləri seçki də yeni parlamenti idarə eləməyin ən yaxşı vasitələri olaraq qalırlar.Axı inqilab faktiki olaraq Ukraynaya bəlalardan başqa heç nə gətirməyib.
Bəs büdcəni nə ilə doldurmalı?Müharibə də bir yandan pul tələb edir axı.Prezident demədi ki,texnikanın 60 faizi sıradan çıxıb və silahlı əməliyyatlara 6 milyard dollar xərc çəklib?Bəs verilmiş vədlər,qızıl dağı və cənnət havası necə olsun?Kralın puluynan bunları etmək olmazmı?Yox,onlar xərclədikləri hər qrinvinin əvəzini milyon dəfə qaytarmasalar, yaşaya bilməzlər.Yeganə yol qalır xalqın üzərinə getmək-Cənab Şaxta ilə birlikdə!
Ukraynanın parlament qatarını Avropada gözləyirlər.Lakin Rumıniya və Polşa prezindentləri onları xəbərdar edib-dilənçilik etməyi qurtarın!Tarixin paradoksu da bundadır:yəni,peçenye ilə başlayan inqilab heç də həmişə şokoladla qurtarmır!