Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Qonağımız var” layihəsi çərçivəsində tanınmış müğənni Zamiq Hüseynovla görüş təşkil edilib.İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib sonra aparıcı tədbiri açıq elan edib.
Əhali estrada ulduzunu izdihamla qarşılayıb. Həyat və fəaliyyətindən, 8 yaşından sonra çətin başlayan keşməkeşli sənət yolundan və əldə etdiyi uğurlarından söhbət açan Zamiq, uğurun əsl sirrini çəkdiyi əziyyətə bağlayıb. Pop ulduz tamaşaçılarının ona ünvanladığı maraqlı sualları da çox səmimi cavablayıb.
Sevənləri Zamiqdən 183 nömrəli məktəbin məzun günündə çıxış etməsini, həmçinin çox sevilən “Kaman” nəğməsini onlar üçün canlı ifa etməsini istəyib. Sənət kumirləri soruşulan Hüseynov, həmçinin hər verilişə qatılmadığını, bundan əlavə övladını vətənpərvər ruhda, milli dəyərlər aşılayaraq böyütdüyünü də dilə gətirib. Sənətçi, bir müddət sirr saxlasa da, nəhayət ki, xalq artisti Zülfiyyə Xanbabayeva ilə tezliklə yeni duet və kliplərini təqdim edəcəyini də açıqlayıb.
Müğənni “Mən səni sevirəm”, “Əvəzsizim, “Var ol”, “İfadə”, “Kaman” kimi sevilən mahnılarını səsləndirib.
Sonda görüş “Səma” rəqs kollektivinin müşayiəti ilə Zamiqin ifasında “Azərbaycan” mahnısı ilə yekunlaşıb.
www.yenicag.az