Bu günlərdə 8 Noyabr – Zəfər Günü münasibəti ilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubları ünvanlanıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopdan, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfdən, Türk Dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Erdən və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyevdən daxil olmuş təbrik məktublarında xalqımızın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsinin 2-ci ildönümü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya və onun timsalında parlamentin deputatlarına səmimi təbriklər ünvanlanıb.
Məktublarda Azərbaycan xalqının iradəsi, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun misilsiz şücaəti nəticəsində əldə olunan bu Qələbənin müasir tarixdəki yeri yüksək dəyərləndirilib, Türkiyə və Pakistanın Azərbaycana qardaşlıq və dostluq dəstəyi bir daha təsdiqlənib, ölkəmizlə dostluq və əməkdaşlığın, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Təbrik məktublarında cəsarət və fədakarlıqları heç bir zaman unudulmayacaq əziz şəhidlərimizə Allahdan rəhmət, qəhrəman qazilərimizə can sağlığı, Azərbaycan xalqına davamlı sülh və firavanlıq arzuları öz əksini tapıb.
www.yenicag.az