10 yaşını qeyd edən “Gününsəsi”nin baş redaktoru: “Rəqiblərimizdən ən böyük fərqimiz...”
Nə az, nə çox – düz 10 il əvvəl “Gününsəsi” adı ilə media məkanına qədəm qoydular. Fərqli, maraqlı yazıları və operativ xəbərləri ilə seçilməyə çalışdılar. Alın təri və minbir əziyyətlə buna nail də oldular.
Uzun bir yol keçən, bu illər ərzində oxucu etimadı qazanaraq nüfuzlu media orqanına çevrilən “Gününsəsi”nin 10 yaşı tamam olur.
Saytın baş redaktoru Pərviz Həşimli Yenicag.az-ın suallarını cavablandırıb.
– “Gününsəsi” 10 yaşına çatdı. Bu illər ərzində hansı dəyişikliklərə nail oldunuz?
– Təbii ki, media məkanında hədəflənən yeri tapmaq o qədər də asan məsələ deyil. Çünki bunun üçün müvafiq şərait və imkanlar olmalıdır. Təbii ki, bu 10 ildə çətinliklərimiz olub, müəyyən mərhələlərdə maneələrlə üzləşmişik. Ancaq biz 10 yaşa gəlib çatmışıqsa, bu, bizim ən böyük uğurumuz sayılır.
– Media məkanında istədiyiniz və hədəflədiyiniz yeri tuta bildinizmi?
– Bu, bir az zaman tələb edən məsələdir. Təkcə bizdən asılı deyil. Azərbaycanın öz gerçəklikləri var; ölkədə media mühitinin gələcəkdə daha da sərbəstləşdirilməsi ilə bağlı gözləntilərimiz mövcuddur. Bu şərait tam yarandıqdan sonra arzuladığımız hədəfə tam nail ola bilərik.
– Rəqiblərinizdən nə ilə fərqlənirsiniz?
– Komandamız çox da böyük deyil, 7 nəfərdən ibarətdir. Təvazökarlıqdan uzaq olsa da deyim ki, bizim bu kiçik heyətimiz 20, 25, 30 nəfər əməkdaşı olan xəbər saytları ilə rəqabətə girə bilir. Elə bir gün olmur ki, “Gününsəsi”ndəki eksklüziv məlumatlar başqa media quruluşlarında istinadla yayımlanmasın. Təbii ki, bu, bizim üstünlüyümüzdür. Digər fərqimiz isə prioritet elan etdiyimiz insan hüquqları və demokratiya mövzularına daha çox yer ayırmağımızdır.
– Təbii ki, uğurlu iş varsa, orada çətinliklər də qaçılmazdır. Ən böyük çətinlikləriniz nə ilə bağlıdır?
– Reklam yaymaq imkanlarımız olduqca məhduddur. Hazırda komandamızın 7 nəfərdən ibarət olmasına baxmayaraq, böyük heyətli saytlarla rəqabət aparırıq. Medianın İnkişafı Agentliyinin dəstəyi ilə büdcəmizin bir qismi təmin olunur. Ancaq məsələ bununla bitmir; əməkdaşların sayı, texniki məsələlər və ofis xərcləri ciddi maliyyə tələb edir. Çalışırıq ki, bu işin öhdəsindən çətinliklərlə də olsa gələk. Kiçik reklam müqavilələrindən gələn gəlirlə fəaliyyətimizi davam etdiririk.
Mən bu işi sevirəm, bu mənim sevimli peşəmdir. Ona görə də qarşımızdakı imkanlarla qane olub çalışırıq. Etiraf edim ki, “Gününsəsi” qurulmazdan öncə mənə müxtəlif dövlət qurumlarında iş təklif olundu, amma şüurlu şəkildə bundan imtina etdim. Çünki mən azad ruhlu insanam; məmur kimi çox az müddət çalışıb uzaqlaşacağımı bilirdim.
Cəvahir













