22 yaşlı qadın 4 metr yüksəklikdən yıxılaraq ÖLDÜ
Rusiya Federasiyasının Çelyabinsk vilayətində yerləşən Maqnitoqorsk Dövlət Sirkində məşq zamanı akrobat qadının faciəli şəkildə həlak olması ilə bağlı cinayət işi başlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.
İlkin məlumatlara görə, mayın 17-də sirk nümayişlərinə hazırlıq prosesi zamanı müəssisənin hələlik müəyyən edilməmiş vəzifəli şəxsləri tərəfindən əmək mühafizəsi qaydaları kobud şəkildə pozulub. Belə ki, 22 yaşlı artistə “cəldlik çarxı” adlı qurğuda, 4 metrdən yüksəkdə və heç bir sığorta təminatı olmadan akrobatik hərəkət yerinə yetirməyə icazə verilib.
Nəticədə gənc qadın yüksəkliyə qalxdıqdan sonra tarazlığını itirərək arenaya yıxılıb. O, dərhal xəstəxanaya aparılsa da, təcili yardım maşınında həyatını itirib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci bəndi üzrə – əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olma – cinayət işi başlanılıb.