Ukrayna savaşında NÖVBƏTİ PƏRDƏ: “Heç biri müharibənin başa çatmasını istəmir”
“Ukrayna müharibəsi gec-tez Avropa-Rusiya müharibəsinə çevrilməsə, dünya bundan qazanacaq”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Siyasi təhlilçi Rusiya-Ukrayna müharibəsi ilə bağlı səslənən fikirlər fonunda danışıqlar prosesini şərh edib.
Onun sözlərinə görə, bu baxımdan da bu müharibənin indiki məqamda başa çatması xoş arzudan başqa bir şey deyil:
“Tərəflərdən heç biri – tək müharibə tərəfləri yox, bütün qarşı-qarşıya dayanan güclər bu müharibənin başa çatmasını istəmir. ABŞ belə bunda maraqlı deyil. Trampın sülh yaratmaq oyunu isə sadəcə görüntü xatirinədir. Zelenskini İstanbula danışıq üçün göndərən Trampın “mən ora getmədən Putin İstanbula gəlməz” deməsinin özü buna sübutdur. Əgər bu danışıqların nəticəsiz olacağını bilirsənsə, onda niyə Zelenskini uşaq kimi ora-bura göndərirsən?”
Analitik əmindir ki, Rusiya qarşısında konkret gec görməyə, cəbhədə ciddi məğlubiyyətlər almasa, geri addım atmaz:
“Hətta bu amil də sual altındadır. Onda da nüvə təhdidi ortaya çıxacaq. Göründüyü kimi, vəziyyət içərisindən çıxılmaz hal alıb. Tərəflərdən biri kapitulyasiya aktı imzalamasa, bu müharibə bitməyəcək. Buna qədər də hələlik çox var. Ukraynadan belə bir addım, yəni kapitulyasiya aktı gözlənilsə də, bu, praktiki olaraq mümkün deyil. Çünki Ukrayna xalqı və ordusu da qəhrəman xalq və ordudur. Asanlıqla düşmənə təslim olmayacağını hamı bilir”.
Müsahibimiz hesab edir ki, dünya, əgər yeni dünya müharibəsi istəmirsə, ən azı, bu müharibənin dondurulmasına nail olmalıdır:
“Əks halda bu günlərə şükür ediləcək. Amma, böyük ehtimalla, müharibənin genişlənməsi qaçılmaz olacaq. Rusiya rəhbərliyi artıq reallıq hissini itirib. Torpaq işğalı kimi barbar yolları seçib və dayanan da deyil. Çünki artıq qırmızı cizgilər çoxdan keçilib. Yeni bir işğal hərəkəti adi qarşılanacaq, çünki bu, gözlənilir. Bu baxımdan, hesab edirəm ki, hər kəsi çətin günlər gözləyir. İnsan cəmiyyəti tarix boyu sakit yaşamağı seçə bilmədi. Bəlkə də bu xislətinin cəzasını çəkməyə məhkumdur”.
Rafi Müslümov